Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Hazırda Azərbaycanda məktəblərin istilik sistemi təminatı ilə bağlı yoxlamalar aparılır. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov şənbə günü jurnalistlərə deyib.
Onun sözlərinə görə, yaxın günlərdə məktəblərdə yoxlamalar başa çatdıqdan sonra istilik sistemi işə salınacaq.
Nazir deyib ki, hazırda havalar çox yaxşı keçdiyi üçün istilik sisteminin işləməməsi problem yaratmır.
"Hələ hava yaxşı keçir. Hər hansı qəzanın olmasındansa, bir neçə gün istilik sisteminin gec işə düşməsi daha yaxşıdır. Mövsümün əvvəlində qazdan istifadə ilə bağlı müəyyən problem yarandı. Bu, qazın olmaması ilə bağlı deyil, ondan istifadə ilə bağlıdır. Müəyyən ölüm halları oldu. Ona görə də kütləvi istifadə yerlərində dövlətin müvafiq orqanları buna çox ehtiyatla yanaşırlar. Hesab edirəm ki, düzgün addımdır. Bir neçə gün gec olsun, amma heç bir problemin olmaması üçün hər şey tamamilə yoxlanılsın", - Mərdanov deyib.