Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Türkiyədə təkmillləşmə kursları keçən Azərbaycan həkimlərinin sayı artırılacaq. Trend-in məlumatına görə, bunu akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində səhiyyə nazirinin müavini Elsevər Ağayev "Azərbaycan-Türkiyə Səhiyyə həftəsi"nin başlamasına həsr edilmiş tədbirdə deyib.
Onun sözlərinə görə, bu gün Trükiyənin səhiyyə nazirinin müavini Nihat Tosun Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevlə görüşüb. Görüş zamanı həkimlərin təkmilləşdirilməsi məsələsi müzakirə edilib. Görüşdə gələn ildən azərbaycanlı həkimlər üçün Türkiyədə təşkil olunan ixtisasartırma kurslarının müddətinin 3 aya qədər uzadılması təklif edilib və bu barədə razılığa gəlinib.
Ağayev deyib ki, ötən il 350-dək azərbaycanlı həkim Türkiyədə müvafiq ixtisasartırma kursları keçib. Bu il də 100-dən çox həkimin ixtisasartırmadan keçməsi nəzərdə tutulur. Hazırda Türkiyədə 72 həkim ixtisasartırma kurslarında iştirak edir.