...

Təhsil Nazirliyi TQDK-ya cavab verdi

Cəmiyyət Materials 27 Noyabr 2012 15:42 (UTC +04:00)
Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin "İlin ən yaxşı məktəbi" və "İlin ən yaxşı müəllimi" müsabiqələrinin keçirilməsi ilə bağlı mətbuatda dərc olunmuş fikirlərinə cavab verib.
Təhsil Nazirliyi TQDK-ya cavab verdi

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin "İlin ən yaxşı məktəbi" və "İlin ən yaxşı müəllimi" müsabiqələrinin keçirilməsi ilə bağlı mətbuatda dərc olunmuş fikirlərinə cavab verib.

Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, TQDK sədri Məleykə Abbaszadə bu müsabiqələrin düzgün keçirilmədiyini bildirir və bunu ali məktəblərə qəbul imtahanlarında məzunları yüksək bal toplayan orta məktəblərin "İlin ən yaxşı məktəbi" müsabiqəsində yer tutmaması ilə əlaqələndirir.

"Məlumat üçün bildiririk ki, ölkənin təhsil mütəxəssisləri, eləcə də beynəlxalq təhsil ekspertləri orta məktəbin məqsədinin təkcə ali məktəblərə tələbə hazırlamaq olmadığını birmənalı şəkildə təsdiq edirlər. Buna baxmayaraq, TQDK-nın ali məktəblərə qəbul zamanı məzunları yüksək bal toplayan orta məktəblərin siyahısı ilə Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı məktəbi" müsabiqəsinin nəticələri Məleykə Abbaszadənin dediklərindən fərqli olaraq üst-üstə düşür", - nazirliyin məlumatında qeyd edilir.

Məlumatda bildirilir ki, TQDK-nın müvafiq siyahısı Təhsil Nazirliyinin keçirdiyi müsabiqənin nəticələri ilə 2011-ci ildə 100 faiz, 2012-ci ildə isə 94,5 faiz üst-üstə düşür. Bu nəticələr əvvəlki illərdə də demək olar ki eyni olub.

"Əlbəttə, bu nəticələr tam olaraq üst-üstə düşməyə də bilər. Çünki Təhsil Nazirliyi bu müsabiqəni müəyyən olunmuş qaydalara əsasən, məktəblərin fəaliyyətinin göstəricisi olan 30-a yaxın meyar əsasında aparır. Ali məktəblərə tələbə qəbulunun nəticələri bu meyarlardan yalnız biridir. Təəssüf hissi ilə bildiririk ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası belə məlumatları jurnalistlərə verməzdən əvvəl bir dövlət qurumu olaraq Təhsil Nazirliyinə müraciət edib dəqiqləşdirsəydi, ölkə Prezidentinin sərəncamı ilə yekunlaşdırılan bu mühüm müsabiqənin nəticələri ilə bağlı mətbuatda əsassız müzakirələrin aparılmasına səbəb olmazdı", - məlumatda əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti