Azərbaycan, Bakı, 29 noyabr /Trend/
Əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkar olunaraq cəmiyyətə təqdim olunması, yaradıcılıq nümunələrinin təbliği və dəstəklənməsi, beləliklə, onların cəmiyyətə fəal inteqrasiyasına şərait yaradılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə tədbirlərin davamı kimi, "2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na uyğun olaraq, bu gün Bakı şəhərində Əlillərin VIII Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi öz işinə başlayıb.
Üç gün davam edəcək tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və nazirliyin məsul şəxsləri, millət vəkili Qənirə Paşayeva, Bakı şəhər İH başçısının müavini Fidumə Hüseynova, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, əlil ictimai təşkilatlarının rəhbərləri, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, KİV təmsilçiləri və b. iştirak ediblər. Açılışda artıq ənənə halını almış belə tədbirlərin istedadlı əlillərin cəmiyyətə tanıdılmasında, onların yaradıcılığının dəstəklənməsində, cəmiyyətə inteqrasiyasında mühüm əhəmiyyəti vurğulanıb. Sərgiyə baxış zamanı əl işləri təqdim olunan əlillərlə söhbətlər aparılıb, onların belə tədbirlərlə bağlı fikir və düşüncələri, yaradıcılıq qayğıları öyrənilib.
Qeyd edək ki, Fizuli Ələkbərovun müvafiq əmrinə əsasən, sərgi-müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin, münsiflər heyətinin tərkibi təsdiq edilib, tədbirin təşkili ilə bağlı lazımı tədbirlərin görülməsi Dövlət Sosial Təminat Xidmətinə tapşırılıb. İstedadlı əlillərin aşkar edilməsi və tədbirə cəlb olunması məqsədilə rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə, əlil ictimai təşkilatlarına və digər əlaqədar qurumlara məktubla müraciət edilib.
Təhsil və Mədəniyyət və Turizm nazirlikləri, Respublika Rəssamlar İttifaqı ilə sıx əməkdaşlıq şəraitində təşkil edilən sərgi-müsabiqədə respublikanın bütün bölgələri təmsil olunmaqla 125 nəfər əlilliyi olan şəxsin və 20 nəfər sağlamlıq imkanları məhdud uşağın ümumilikdə 500-ə yaxın əl işi (rəsm, toxuma, hörmə, bədii tikmə, ağac üzərində iş, dulusçuluq və s.) təqdim olunacaq. Onlardan 73 nəfərini qadınlar təşkil edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq sərəncamına əsasən, sərgi-müsabiqənin qalibləri, habelə sərgidə əl işi ilə fərqlənən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün mükafatlar, mükafat almayan hər bir iştirakçıya maddi yardım verilməsi nəzərdə tutulub. Respublikanın bölgələrindən gələn sərgi iştirakçılarının yerləşdirilməsi və digər xidmətlərin göstərilməsi üçün müvafiq tədbirlər görülüb.