...

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda iştirak edib

Cəmiyyət Materials 4 Dekabr 2012 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Noyabrın 25-28-də İstanbul şəhərində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Proqramı (TAIEX), Almaniya Federativ Respublikası Saksoniya Torpağının Baş Prokurorluğu və Türkiyə Respublikası Ali Apellyasiya Məhkəməsinin Baş Prokurorluğu tərəfindən təşkil olunmuş Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə üzrə Prokurorların 15-ci Beynəlxalq Forumu keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Foruma dünyanın 26 ölkəsindən yüksək səviyyəli nümayəndə heyətləri qatılıb. Tədbirdə Azərbaycan Prokurorluğunu Baş prokurorun müavini Namiq Əsgərovun rəhbərliyi ilə Baş prokurorun köməkçisi Elşən Albəndov və Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq hüquqi əməkdaşlıq və protokol xidmətinin rəhbəri İsmayıl Qayıbovdan ibarət nümayəndə heyəti təmsil edib.

Forumda beynəlxalq müstəvidə olan cinayətlərin təqibi, mütəşəkkil cinayətkarlığın təqibində texniki yardım, cənub-şərqdən Qərbi Avropaya siqaret qaçaqmalçılığı, Avropanın şərq və qərb marşrutları üzrə insan alveri, internet vasitəsilə qumar oyunları və idman oyunlarında dələduzluq elementləri mövzusunda məruzələr dinlənilərək müzakirələr aparılıb.

Tədbirin noyabrın 27-də keçirilmiş 4-cü sessiyasında Ermənistan Baş prokurorunun müavini iclasın protokol qaydalarına zidd olaraq azərbaycanlı zabit Ramil Səfərovun Macarıstandan Azərbaycan Respublikasına ekstradisiyasının qeyri-legitimliyi barədə siyasi bəyanat verib.

Bununla əlaqədar Forum təşkilatçıları adından Saksoniya Torpağının Baş prokuroru Klaus Fleixmann çıxış edərək Ermənistan nümayəndəsinin tədbirin reqlamentini kobud şəkildə pozmaqla mövzuya aid olmayan siyasi məsələyə toxunduğunu və belə bir bəyanatla çıxış edilməsinin qətiyyən yolverilməzliyini xüsusi vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri N.Əsgərov replika hüququndan istifadə edərək Ermənistan tərəfinin qaldırdığı məsələnin tam əsassız olduğunu qeyd edib, Ramil Səfərovun Azərbaycan Respublikasına ekstradisiyasının 1983-cü il tarixli "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasının tələblərinə müvafiq həyata keçirildiyini, onun Azərbaycan Prezidenti tərəfindən ölkə Konstitusiyasının 109-cu maddəsinə əsasən, qüvvədə olan qanunvericiliyə və beynəlxalq normalara tam uyğun əfv edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Baş prokurorlun müavini çıxışında daha sonra Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətini həyata keçirməsini, həmin siyasətin tərkib hissəsi kimi Azərbaycan torpaqlarının 20 faizdən çoxunun erməni silahlı birləşmələri tərəfindən işğal edilməklə 20 ildən artıq müddətdə əsarət altında saxlanıldığını, minlərlə dinc və günahsız azərbaycanlının qətlə yetirildiyini, işğal nəticəsində 1 milyondan artıq insanın öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşdüyünü, Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin bugünədək icra olunmadığını xüsusi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti