...

Azərbaycanda əlillərə qayğı ilə bağlı təkliflər hazırlanıb

Cəmiyyət Materials 7 Dekabr 2012 13:14 (UTC +04:00)
Azərbaycanda əlillərin hərəkət etməsi üçün infrastrukturun uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlanıb.
Azərbaycanda əlillərə qayğı ilə bağlı təkliflər hazırlanıb

Azərbaycan, Bakı, 7 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda əlillərin hərəkət etməsi üçün infrastrukturun uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlanıb. Bu barədə cümə günü Trend-ə Əlil Təşkilatları İttifaqının (ƏTİ) sədri Davud Rəhimli bildirib.

Onun sözlərinə görə, fiziki qüsuru olan insanlar üçün infrastrukturun yaradılması Azərbaycan qanunvericiliyində, Nazirlər Kabinetinin qəbul etdiyi sənədlərdə və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarda da öz əksini tapır.

"Amma təəssüf olsun ki, bizdə bu sahədə işlər ya heç aparılmır, bəzi yerlərdə isə standartlara uyğun gəlmir. Yeraltı keçidlərdə, piyada keçidi üçün zolaqlanmış ərazidə əlil arabalarının keçidi üçün bir tərəfdə şərait yaradılır, digər tərəfdə yaradılmırsa bu, öz əhəmiyyətini itirir", - o deyib.

Rəhimli qeyd edib ki, Bakıya yeni gətirilmiş London taksilərindən başqa heç bir ümumi istifadədə olan nəqliyyat vasitələri əlilliyi olan insanların hərəkət etməsi üçün uyğun gəlmir.

"Bu işlərin kompleks şəkildə həll olunması üçün isə ƏTİ-nin hazırladığı təkliflər müvafiq qurumlara göndəriləcək. Çünki bu gün yeni yaradılan şəhər infrastrukturunda əlillər üçün xüsusi yerlər ayrılmayıbsa, gələcəkdə onlarda söküntü işi aparıb uyğunlaşdırılmasına ehtiyac olacaq", - Rəhimli deyib.

Milli Məclisin deputatı, parlamentin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa isə Trend-ə bildirib ki, Azərbaycanda əlillərə qayğı ilə bağlı qanunvericilik bazası kifayət qədər təkmildir, ölkə bu sahədə bir sıra beynəlxalq konvensiyalara qoşulub, lakin onların icrasında problemlər var.

"Azərbaycanın da qoşulduğu beynəlxalq konvensiyalarda göstərilir ki, müəssisələrdə, binalarda əlillərin hərəkəti üçün xüsusi vasitələr quraşdırılmalıdır", - o deyib. Millət vəkili qeyd edib ki, tikintidən sonra binalar təhvil alınarkən bu məsələlər hökmən yoxlanılmalıdır.

Fazil Mustafa bildirib ki, istər paytaxt Bakıda, istər ölkənin digər şəhərlərində əlillər üçün xüsusi işarələr, onların keçidlərdən istifadə etməsi, müəssisələrə daxil olmasında əlil arabalarının hərəkəti üçün ayrıca yollar əksərən yoxdur.

"Ümumiyyətlə, bu məsələlər qanunla həll olunmur. Burada insana verilən dəyərdən söhbət gedir. Fiziki qüsurlu insan da tam sağlam şəxs kimi cəmiyyətin bir üzvüdür və onun da rahatlığı təmin olunmalıdır", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti