...

Nizami Cəfərov: Bütün türkdilli ölkələrin vahid yazı qrafikasına keçirilməsi prosesi başlayıb

Cəmiyyət Materials 14 Dekabr 2012 17:20 (UTC +04:00)
Bütün türkdilli ölkələrin vahid yazı qrafikasına keçirilməsi prosesi başlayıb. Bu barədə cümə günü Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.
Nizami Cəfərov: Bütün türkdilli ölkələrin vahid yazı qrafikasına keçirilməsi prosesi başlayıb

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir M.Əliyev/

Bütün türkdilli ölkələrin vahid yazı qrafikasına keçirilməsi prosesi başlayıb. Bu barədə cümə günü Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.

O bildirib ki, bu gün Qazaxıstan Prezidentinin ölkəsinin latın qrafikasına keçməsi ilə bağlı verdiyi bəyanat bu prosesi gücləndirəcək.

"Əslində Qazaxıstan uzun müddətdir ki, latın qrafikasına keçidlə bağlı hazırlıq işləri aparır. Bir neçə il bundan əvvəl Qazaxıstan Prezidentinin tapşırığı ilə Azərbaycana bu məsələ ilə bağlı geniş tərkibli nümayəndə heyəti səfər etmişdi, onlar bizim təcrübədə bu prosesin necə həyata keçirilməsi ilə maraqlanmışdılar. Qazaxıstanda bu işlərin həyata keçirilməsi üçün müəyyən çətinliklər var, çünki rusdilli əhalinin sayı kifayət qədər çoxdur", - o deyib.

Cəfərov qeyd edib ki, Qazaxıstanın latın qrafikasına keçməsi ümumilikdə Orta Asiya ölkələrində latın qrafikasının tətbiq olunmasında həlledici rol oynayacaq.

"Qırğızıstanın Qazaxıstanla dil yaxınlığı var. Bundan başqa, qırğızlar, tatarlar, başqırdlar Qazaxıstanın mədəni təsiri altındadır və bu, həmin bölgədə latın qrafikasına keçidi sürətləndirəcək", - o deyib.

Komitə sədri hesab edir ki, Orta Asiya dövlətlərindən Özbəkistanda latın qrafikasına keçid daha sürətli aparılıb, artıq orada qəzetlərin yarısı məhz latın qrafikası ilə nəşr olunur.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bu gün ölkə müstəqilliyinin 21-ci ildönümünə həsr edilmiş təntənəli yığıncaqda çıxışı zamanı bildirib ki, Qazaxıstanda 2025-ci ilədək kiril əlifbasından latın qrafikasına keçiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti