Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları Daşkəsəndə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölüm faktını pisləsə də, bunun siyasiləşdirilməsinin əleyhinədir.
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov bu məsələnin siyasiləşdirilməsini doğru hesab etmir.
"Vəfat edən əsgər bizim hamımızın qardaşıdır. Əsgərin ölümü ilə bağlı araşdırmalar gedir və bitdikdən sonra məlumat veriləcək və bu araşdırmanın obyektivliyinə heç bir şübhəmiz yoxdur", - Orucov Trend-ə bildirib.
Orucov qeyd edib ki, bu cür hallardan hər hansı qüvvələrin siyasi maraqlar üçün istifadə etməsi və ya buna təşəbbüs göstərməsi yolverilməzdir.
"Allahdan vəfat edən əsgərin yaxınlarına səbr diləyirik və bizim şübhəmiz yoxdur ki, bu məsələ obyektiv şəkildə araşdırılacaq. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin də hər zaman ən böyük diqqət göstərdiyi sahələrdən biri də məhz ordu quruculuğudur", - Orucov bildirib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov isə Trend-ə bildirib ki, əsgərin ölümü məsələsini siyasiləşdirmək olmaz.
"Azərbaycan xalqının spesifik cəhətləri var. Vətən, torpaq, ordu anlayışları müqəddəs anlayışlardır. Belə məsələdən siyasi məqsədlər üçün istifadə etmək olmaz", - İsmayılov deyib.
ATGTİ sədri bildirib ki, bu hadisə araşdırılmalı, istintaqla düzgün qiymət verilməlidir. "Həlak olan əsgərin xatirəsini yaşatmaq üçün başqa vasitələrdən istifadə etmək olar. Əsgər ölümündən heç kim öz məqsədləri üçün istifadə edə bilməz", - o vurğulayıb.
Qeyd edək ki, Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edən Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadov bir neçə gün əvvəl dünyasını dəyişib.
Bəzi KİV-lər əsgərin meyitinin fotolarını yayıb, fotolarda onun xəsarətlər aldığı əks olunub.