...

Azərbaycanın səfiri Misir telekanalına 20 Yanvar faciəsi ilə bağlı müsahibə verib

Cəmiyyət Materials 18 Yanvar 2013 22:24 (UTC +04:00)
Azərbaycanın səfiri Şahin Abdullayev Misirin aparıcı peyk kanallarından olan “Birinci” kanala müsahibə vermişdir.
Azərbaycanın səfiri Misir telekanalına 20 Yanvar faciəsi ilə bağlı müsahibə verib

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Azərbaycanın səfiri Şahin Abdullayev Misirin aparıcı peyk kanallarından olan "Birinci" kanala müsahibə vermişdir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, müsahibəsində səfir Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi, 80-ci illərin sonundan başlayaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və 20 yanvar faciəsinə aparan yol haqqında geniş danışaraq, SSRİ prezidenti Mixail Qarbaçovun əmri ilə sovet qoşunları tərəfindən 20 yanvar 1990-cı ildə Bakıda törədilmiş qanlı hadisələr barəsində tamaşaçılara ətraflı məlumat vermişdir.

Səfir 25 yanvar 2011-ci ildə Misirdə baş qaldırmış ümumxalq etirazları zamanı ordunun xalqın yanında olduğunu xatırladaraq, Azərbaycan xalqının əvəzsiz töhfələr və yardımlar verdiyi XI Qızıl ordunun isə Azərbaycan xalqının dinc nümayişinə divan tutduğunu vurğulamışdır.

Sovet rəhbərliyinin Azərbaycan xalqının mübarizə əzmini boğmaq cəhdlərinə və SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının açıq hərbi təcavüz forması almasına baxmayaraq, Abdullayev Azərbaycan xalqının öz qətiyyətli yolundan dönmədiyini və qan bahasına da olsa, öz müstəqilliyini yenidən etdiyini qeyd etmişdir.

Müstəqillik dövründən danışan səfir Azərbaycan xalqının tələbi ilə zəngin idarəçilik təcrübəsinə malik Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəldiyini bildirərək, bu ildə təcavüzkar Ermənistanla atəşkəsə nail olunduğunu, eləcə də həmin ildən etibarən ölkədə hərtərəfli siyasi, iqtisadi və sosial islahatların aparıldığını, həmin islahatlar çərçivəsində Azərbaycan xalqının rifahını təmin edən "Neft strategiyası"nın işlənilib hazırlandığını və Neft Fondunun təsis edildiyini nəzərə çatdırmış, Azərbaycanın BMT, İƏT kimi nüfuzlu beynəlxalq təşkilatların üzvlüyünə qəbul edildiyini demişdir.

Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişindən sonra ölkəmizin əldə etdiyi hərtərəfli nailiyyətlər barəsində də ətraflı məlumat vermişdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və ağır nəticələri haqqında ətraflı danışan Səfir münaqişənin həlli prosesi haqqında məlumat verərək, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə münaqişənin hələ də öz həllini tapmadığını bildirmişdir.

Müsahibə əsnasında Azərbaycan-Misir əlaqələrindən danışan səfir ölkələrimiz arasında dərin tarixi kökləri olan dostluq əlaqələrinin olduğunu qeyd etmiş və Azərbaycanın bundan sonra da Misir ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu vurğulamışdır.

Xəbər lenti

Xəbər lenti