Azərbaycan, Bakı, 24 yanvar /Trend/
Yanvarın 24-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, həmçinin türkdilli ölkələrin diaspor təşkilatlarının rəhbərləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə əklil qoyulub.
Sonra Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar. Bununla yanaşı, Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə də əklil qoyulub.