...

Rumıniyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub

Cəmiyyət Materials 24 Yanvar 2013 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Bu gün Ruminya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu və səfirliyin birinci katibi Radu Gorinçoy Bakı Ali Neft Məktəbində olmuşdur.

BANM-dən Trend-ə verilən məlumata görə, qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin transmilli şirkət olaraq, Azərbaycanda və ölkənin hüdudlarından kənarda, habelə Rumıniyada həyata keçirdiyi bir çox böyük enerji və digər layihələrdən ətraflı söz açaraq qeyd etmişdir ki, Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsəd günü-gündən inkişaf edən ölkəmizin və ARDNŞ-nin həyata keçirdiyi beynəlxalq layihələrdə işləyə biləcək ingilis dilli, müasir biliklərə malik kadrların hazırlanmasıdır.

Bakı Ali Neft Məktəbi haqqında qonaqlara məlumat verən Qasımov bildirmişdir ki, ən müasir standartlara uyğun tədris prosesinin qurulduğu ali məktəb ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulmuşdur ki, bunun nəticəsi olaraq BANM məzunlarına iki diplomun verilməsi nəzərdə tutulub. Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun salınacağını söyləmişdir.

Səfir Daniel Kristian Çiobanu bildirmişdir ki, Azərbaycan və Rumıniya arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elmi və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf etməkdədir. Bunun əyani sübutu kimi Azərbaycan və Rumıniya arasında 2011-ci ildə imzalanmış "Strateji əməkdaşlıq" fəaliyyət planını nümunə göstərən səfir Daniel Kristian Çiobanu eyni zamanda ARDNŞ-nin Rumıniya Respublikasının əsas investorlarından biri olduğunu vurğulamışdır. Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu layihələrdən söhbət açan səfir Azərbaycanda ingilis dilli, beynəlxalq tədris sisteminin şərtlərinə və tələblərinə cavab verən belə bir ali məktəbin yaradılmasının məqsədəmüvafiq hal olduğunu qeyd etmişdir. O, Bakı Ali Neft Məktəbi ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və Rumıniya Respublikasının müxtəlif texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün gərəkən dəstəyi verməyə hazır olduğunu bildirmişdir.

Görüşün sonunda Səfir Daniel Kristian Çiobanuya Bakı Ali Neft Məktəbinin "Fəxri qonaq" diplomu verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti