Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi" qaydası açıqlanıb.
Nazirlər Kabinetindən cümə günü Trend-ə verilən məlumata görə, şəxsə (ailəyə) qulluq və kömək göstərə biləcək qohumlar dedikdə, əmək qabiliyyətli babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr nəzərdə tutulur.
Özünəqulluq qabiliyyəti olmayan şəxslər sosial xidmət göstərilməsi üçün ərizə ilə yaşayış yeri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzlərinə ərizə ilə müraciət edirlər. Ərizə daxil olduqdan sonra sosial işçi yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə, Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinə (şəxsin valideynləri, özü və övladları barədə) və digər aidiyyəti qurumlara sorğu göndərir.
Özünəqulluq qabiliyyəti olmayan şəxslərə kömək göstərə biləcək qohumların olmaması barədə qərarı yerli sosial təminat mərkəzləri qərar qəbul edir.