...

Musa Quliyev: Çoxuşaqlı ailələrə yardım ünvanlı xarakter daşıyacaq

Cəmiyyət Materials 26 Yanvar 2013 12:05 (UTC +04:00)
Azərbaycanda çoxuşaqlı ailələrə dövlət tərəfindən göstərilən yardımlar ünvanlı xarakter daşıyacaq. Bunu Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.
Musa Quliyev: Çoxuşaqlı ailələrə yardım ünvanlı xarakter daşıyacaq

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda çoxuşaqlı ailələrə dövlət tərəfindən göstərilən yardımlar ünvanlı xarakter daşıyacaq. Bunu Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 5 və daha çox uşağı olan ailələrin çoxuşaqlı ailə hesab edilməsi və həmin ailələrə xüsusi dövlət qayğısının göstərilməsi ilə bağlı təklifin məqsədəuyğun olmadığını deyən Quliyev bildirib ki, bunu bir dövlət proqramı şəklində bütün ölkə üzrə bütün əhaliyə tətbiq etmək doğru deyil.

"2001-ci ildən başlayaraq sosial müdafiənin güzəşt və imtiyaz sistemindən imtina etmişik, ünvanlı sosial müdafiə sisteminə üstünlük veririk. Hansı regionda çoxuşaqlı ailələr daha çoxdur, harada ailələrin sosial vəziyyəti daha aşağıdır, onlara əlavə güzəştlər, yardımlar göstərmək olar. İstər çox uşaq oldu, istər az, adambaşına düşən ailənin gəliri yaşayış minimumundan aşağıdırsa, ünvanlı sosial yardım veriləcək", - komitə sədrinin müavini deyib.

Millət vəkilinin fikrincə, qanunla tənzimləmə daha çevik üsul deyil və qanun bütün vətəndaşları bərabər tutur. Çoxuşaqlı ailələrin isə eləsi var ki, dövlətin qayğısına ehtiyacı yoxdur.

Quliyev çoxuşaqlı analara "Qəhrəman ana" adının verilməsi ilə də razı deyil.

"Gender siyasəti həyata keçiririksə, onda "Qəhrəman ata" adı da verilməlidir. Əgər ata və ana uşaqları bir yerdə böyüdürsə, tərbiyə edirsə, atanın da xidmətləri nəzərə alınmalıdır. Həm də "qəhrəman" sözü ilə "ana" sözü bir-birinə uyğun gəlmir. Nəsə başqa bir ad tapmaq olar. Məsələn "Şərəfli ana", - Quliyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti