...

Azərbaycanda yük avtomobillərinin sürücülərinə xəbərdarlıq edildi

Cəmiyyət Materials 29 Yanvar 2013 13:37 (UTC +04:00)
Azərbaycan yol polisi yük avtomobillərinin idarəedilməsi zamanı ara məsafələrin düzgün saxlanılmasını vacib sayır.
Azərbaycanda yük avtomobillərinin sürücülərinə xəbərdarlıq edildi

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycan yol polisi yük avtomobillərinin idarəedilməsi zamanı ara məsafələrin düzgün saxlanılmasını vacib sayır.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, yük avtomobilləri sıralama ilə gedərkən ara məsafənin düzgün saxlanılmaması nəticəsində ötmə əməliyyatları zamanı ağır yol qəzaları baş verir.

Onun sözlərinə görə, 2012-ci ildə yük avtomobillərinin sürücüləri tərəfindən 157 yol-nəqliyyat hadisəsi törədilib və nəticədə 79 nəfər ölüb, 150 nəfər yaralanıb.

"İnzibati Xətalar Məcəlləsinin 151.1 maddəsinə əsasən, sürücülər buna görə məsuliyyətə cəlb olunurlar. Əvəllər cərimə 20 manat miqdarında idisə, indi 40 manatdır", - Əliyev bildirib.

Onun sözlərinə görə, bəzən yük avtomobili hadisənin birbaşa iştirakçısı olmasa da, ara məsafəni düzgün saxlamadığına görə qəzalara səbəb olur.

"Misal üçün, sürücü qarşısında bir yük avtomobilini görür və deyək ki, arxada onun qoşqulu olması barədə heç bir işarə yoxdur. Amma ötmə əməliyyatına başlayanda görür ki, onun qarşısındakı digər yük avtomobili ilə arasındakı ara məsafəsi düzgün saxlanılmayıb, yəni o yük avtomobilləri bir-birilərinə o qədər yaxın gedir ki, bu avtomobil artıq ötməyə başladısa və qarşıdan gələn nəqliyyat vasitəsi yaxınlaşırsa, o, bu iki avtomobilin arasına sağ zolağa keçə bilmir və bu da bəzi hallarda qarşı-qarşıya toqquşma ilə nəticələnir", - şöbə rəisi bildirib.

Əliyev deyib ki, yük avtomobillərinin ara məsafəsinə riayət etməməsi halları yol polisi əməkdaşları tərəfindən aşkar olunduqda sürücülər barədə müvafiq inzibati qaydada tədbir görülür və onlara bu hərəkətlərin nə dərəcədə təhlükəli olduğu izah edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti