...

Xarkovda Azərbaycan dilində xüsusi orta məktəb fəaliyyətə başlayacaq (FOTO)

Cəmiyyət Materials 29 Mart 2013 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M.Əliyev/

Ukraynada ilk dəfə olaraq Xarkov şəhərində Azərbaycan dilində xüsusi orta məktəb fəaliyyətə başlayacaq. Trend-in məlumatına görə, məktəb hazırda şəhərin mərkəzi liseylərindən birində fəaliyyət göstərən azərbaycanlı uşaqlardan ibarət şənbə-bazar sinifləri əsasında yaradılacaq.

Ukrayna Azərbaycanlılar Konqresinin Xarkov vilayəti üzrə sədri Qurban Abbasov bildirib ki, hazırda şəhərdə fəaliyyət göstərən şənbə-bazar günü məktəbinin statusunun dəyişdirilərək orta məktəb yaradılması ilə bağlı işlər görülür.

O qeyd edib ki, 15 ildən artıqdır azərbaycanlı uşaqlar üçün doğma dildə fəaliyyət göstərən şənbə-bazar günü məktəbinin artıq 50-dən yuxarı şagirdi var. "Hazırda məktəbdə Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan coğrafiyası və digər fənnlər üzrə dərslər keçirilir. İndi dərsləri iki müəllim tədris edir, lakin orta məktəb statusu aldıqdan sonra onların sayı artırılacaq".

Abbasov hazırkı Azərbaycan sinifləri üçün müəyyən sıxıntıların olduğunu da bildirib. O qeyd edib ki, siniflərdə istifadə olunan Azərbaycan dilli dərsliklərinin Azərbaycandan göndərilməsinin təşkil olunması üçün dəfələlər Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etsələr də kömək ala bilməyiblər. Qeyd edək ki, 2 milyon əhalisi olan Xarkov şəhərindən 50 minə yaxın azərbaycanlı daimi yaşayır.

Diasporun müraciəti əsasında, həmçinin Xarkov şəhərində mərkəzi park azərbaycanlı Sovet İttifaqı qəhramanı Fariz Səfərovun adını daşımağa başlayıb və parkda onun abidəsinin ucaldılması planlaşdırılıb.

UAK sədri Rövşən Tağıyev isə bildirib ki, Ukraynada azərbaycanlılar üçün ayrıca məktəbin açılması təkcə Xarkovda deyil, ölkənin digər iri vilayətləri üçün də planlaşdırılıb və yerli hökumətlə bu barədə danışıqlar gedir. Tağıyev onu da bildirib ki, hazırda Azərbaycan dili üzrə şənbə-bazar sinifləri Xarkovla yanaşı Nikolayev, Donetsk, Dnepropetrovsk və digər şəhərlərdə də fəaliyyət göstərir. Tağıyev təəssüflə qeyd edib ki, bəzi regionlarda azərbaycanlı valideynlər uşaqlarını həftəsonu bu siniflərə cəlb etməkdə passivlik göstərirlər. O qeyd edib ki, buna baxmayaraq, siniflər Ukraynanın digər azərbaycanlılar yaşayan bölgələrində də açılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti