...

Azərbaycan həbsxanalarında yeni metodların tətbiqinə başlanılır

Cəmiyyət Materials 9 Aprel 2013 15:44 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən Azərbaycanda Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində müalicə-diasnostika proseslərinin effektivliyinin artırılması və yeni metodların tətbiqi istiqamətində tədbirlər görülür.
Azərbaycan həbsxanalarında yeni metodların tətbiqinə başlanılır

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İ.İzzət/

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən Azərbaycanda Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində müalicə-diasnostika proseslərinin effektivliyinin artırılması və yeni metodların tətbiqi istiqamətində tədbirlər görülür. Bu barədə Trend-ə İdarənin rəisi, tibb xidməti general-mayoru Rəfail Mehdiyev bildirib.

İdarə rəisinin sözlərinə görə, Tibb Baş İdarəsinin fəaliyyətində əsas məqsəd məhkumlara göstərilən tibbi xidmətin səviyyəsini mülki sektorda vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinə maksimum yaxınlaşdırmaqdır və bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirilir.

"Məhkumların müalicəsi üçün şəraitin yaxşılaşdırılması və mövcud avadanlıqlarla təmin etmək istiqamətində müəyyən işlər həyata keçirilir. Hazırda məhkumlar müalicə üçün tələb olunan bütün qrup dərman preparatları ilə tam təmin olunurlar. Son vaxtlar müalicə müəssisəsində böyük yenidənqurma işləri həyata keçirilir. 2012-ci ildə Penitensiar Xidmətin müalicə müəssisəsində cərrahiyyə, yoluxucu xəstəliklər, nevrologya, narkologiya şöbələri tam təmir olunub. Müalicə müəssisəsinin laboratoriya hissəsində böyük yenidənqurma işləri aparılıb və orada yeni laborator-diaqnostik avadanlıqlar quraşdırılıb. Həmin diaqnostik avadanlqlar bir sıra yeni laborator müayinələrin aparılmasına imkan verəcək", - o deyib.

İdarə rəisi qeyd edib ki, bu ildən etibarən cəzaçəkmə müəssisələrində QİÇS/AİDS ilə mübarizə işi yeni mərhələyə qədəm qoyacaq.

"2013-cü ildən etibarən HİV-ə yoluxmuş şəxslərin müayinə və müalicəsini tədricən tam olaraq öz üzərimizə götürəcəyik. Bu işə artıq Səhiyyə Nazirlyinin QİÇS-lə Mübarizə Mərkəzi yox, Ədliyyə Nazirlyinin Tibb Baş İdarəsinin mütəxəssisləri cavabdeh olacaq və bu işi həyata keçirəcəklər", - Mehdiyev bildirib.

Qeyd edək ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının "Narkotiklərə nəzarət sahəsində 2012-ci il üçün ölkə məruzəsi" adlı hesabatında göstərilir ki, 2012-ci il ərzində Azərbaycanda İİV (insanın immunçatışmazlığı virusu) infeksiyasına (QİÇS/AİDS) yoluxması yeni aşkar olunan insanların sayı 517 nəfər təşkil edib və bununla da İİV infeksiyası təsdiq olunmuş rəsmi qeydiyyata götürülənlərin sayı 3784 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti