...

Azərbaycan həbsxanalarında ölüm halları ilə bağlı vəziyyətə rəsmi aydınlıq gətirildi

Cəmiyyət Materials 9 Aprel 2013 16:20 (UTC +04:00)
Azərbaycanın cəzaçəkmə müəssisələrində ölüm halları mütəmadi olaraq hər il azalır. Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Rəfail Mehdiyev bildirib.
Azərbaycan həbsxanalarında ölüm halları ilə bağlı vəziyyətə rəsmi aydınlıq gətirildi

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanın cəzaçəkmə müəssisələrində ölüm halları mütəmadi olaraq hər il azalır. Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Rəfail Mehdiyev bildirib.

İdarə rəisinin sözlərinə görə, Azərbaycanda Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində önəmli tibbi tədbirlər görülür, müasir müalicə üsulları tətbiq olunur ki, bunun da nəticəsində mütəmadi olaraq məhkumlar arasında ölüm halları aşağı enir.

"Elə bir il yoxdur ki, Azərbaycanda cəzaçəkmə müəssisələrində ölüm hallarının sayı eyni olsun. Faiz etibarilə ölüm halları ilbəil azalır. Məsələn, Azərbaycanın cəzaçəkmə müəssisələrində 1995-ci illə müqayisədə vərəmdən ölüm halları 38 dəfə azalıb. Bu, kifayət qədər böyük rəqəmdir. Ölüm halları ümumiyyətlə azalır, o cümlədən də vərəmdən", - Mehdiyev qeyd edib.

İdarə rəisi bildirib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində vərəmlə mübarizə sahəsində həyata keçirdiyi layihə bir çox ölkə və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Təkcə 2012-ci ildə bu layihəni öyrənmək və ondan bəhrələnmək üçün 6 ölkədən tərkibində 60-a yaxın müxtəlif nazirliyin əməkdaşlarının iştirak etdiyi 8 nümayəndə heyəti Azərbaycanda olub. Ümumdünya Səhiyyə Təşkilatının Avropa bölməsinin 62-ci sessiyasında isə Penitensiar Xidmətdə vərəmlə mübarizə sahəsində təcrübə digər ölkələr üçün model kimi təklif edilib və cəzaçəkmə müəssisələrində vərəmlə mübarizə sahəsində digər ölkələrdə tətbiq olunması tövsiyə edilib.

Hazırda 250 məhkumun müalicəsinin yekunlarının təhlili əsasında ağır formalı vərəm xəstəliyinin müalicəsinə həsr olunmuş böyük bir elmi məqalə hazırlanır. Həmin məqalə Avropanın aparıcı elmi jurnallarının birində dərc ediləcək.

"Hazırda məhkumlar arasında ən çox yayılan xəstəlik ürək-damar xəstəlikləridir. Digər hansısa ciddi epidemioloji tibbi narahatlıq izlənilmir. Çalışırıq ki, məhkumlara lazım olan həcmdə və səviyyədə tibbi yardım göstərək. Öz gücümüz çatmayanda isə həmin məhkumlar Səhiyyə Nazirliyinin müəssisələrində dövlət tərəfindən tibbi yardımla təmin olunur", - general-mayor əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti