...

Təhsil Nazirliyi müəllimlərin hüquqlarının qorunmasına xüsusi diqqət yetirəcək

Cəmiyyət Materials 4 May 2013 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi müəllimlərin hüquqlarının qorunmasına xüsusi diqqət yetirəcək, onlara hörmətli yanaşma təmin ediləcək, maddi təminatları, iş şəraitləri diqqət mərkəzində saxlanacaq. Trend-in məlumatına görə, bunu "Heydər Əliyev-90" mövzusunda yazılmış inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində cıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, əsas vəzifələri müəllim peşəsinin əvvəlki nüfuzunun bərpa olunmasına yönələcək.

Nazir deyib ki, məktəblərdə baş verən mənfi hallara qarşı Təhsil Nazirliyinin mövqeyi barışmaz olacaq.

"Məktəb elə bir məkandır ki, orada uşaqların mənəviyyatı formalaşır. Məktəbdəki psixoloji atmosfer uşaqların gələcək həyatını müəyyənləşdirir", - nazir deyib.

O əlavə edib ki, bu məsələdə valideynlərin rolu da qeyd edilməldir.

Cabbarov bildirib ki, Təhsil Nazirliyinin və təhsil müəssisələrinin təkbaşına vəziyyəti düzəldə bilməsinə inanmaq sadəlövhlük olardı. Bu məsələ hər bir ailənin, bütövlükdə cəmiyyətin işi olmalıdır.

"Bizim mövqeyimiz ondan ibarətdir ki, məktəblərin idarə olunmasında, təhsil ocaqlarında müsbət atmosferin yaradılmasında valideynlərin rolu artırılmalı, bunun üçün islahatlar həyata keçirilməlidir", - nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti