Azərbaycan, Bakı, 30 may /Trend/
29 may 2013-cü il tarixdə Berlində YUNESKO çərçivəsində Bədən Tərbiyəsi və İdmana məsul Nazirlərin və Səlahiyyətli Şəxslərin 5-ci (MINEPS V) Konfransı öz işinə başlayıb.
Gənclər və İdman Nazirliyinin məktbuat xidmətindən Trend-ə verilən məlumata görə, Konfrans 2 gün davam edəcək və konfransda ölkəmizi gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi altında Azərbaycanın Almaniyadaki səfiri Pərviz Şahbazov, nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov, Azərbaycanın YUNESKO yanında Daimi nümayəndəliyinin 1-ci katibi Eldar Məmmədovdan ibarət nümayəndə heyəti təmsil edir.
Rəsmi şəxslərin MINEPS-in 5-ci iclasında müzakirə etdiyi məsələlər 13-15 mart 2013-cü il tarixdə Bakı şəhərində təşkil olunan Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərası Komitənin Fövqəladə iclasında qəbul olunan işçi sənədlərə əsasən aparılır.
İclasın rəsmi açılışında YUNESKO-nun baş direktoru İrina Bokova, Almaniyanın Federal Kansleri Angela Merkel nitq söyləyiblər. Həmçinin, Berlin şəhərinin meri Frank Henkel, BMT baş katibinin xüsusi məsləhətçisi Vilfried Lemke, Avropa Şurasının Demokratiya üzrə Baş Direktorluğunun rəhbəri Snezana Samardziç-Markoviç, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Craven, Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Jak Rok (videozənglə), CIGEPS-in prezidenti Arnaldo Rivera Fuksa, Xüsusi Olimpiyanın Komitəsinin icraçı direktoru Timoti P.Sriver çıxış ediblər. Xanim Bokova və cənab Fuksa öz çıxışlarında CIGEPS-in Fövqəladə hazırlıq iclasının Bakıda təşkilinə görə Azərbaycana minnətdarlıqlarını bildiriblər.
Almaniyanın federal daxili işlər naziri Hans-Peter Fridrex iclasın sədri seçilib.
Gündəlikdə duran aşağıdakı məsələlər müzakirə olunur:
1. İdman - hər kəsin əsas hüquqlarından biri kimi;
2. Bədən tərbiyəsi və idman proqramlarına dövlət dəstəyinin təşviqi;
3. İdmanın bütövlüyünün qorunması.
130-dan çox ölkənin, 30-dan çox beynəlxalq təşkilatın nümayəndəsi və xeyli sayda müstəqil ekspert gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparırlar.
Tədbir çərçivəsində Azərbaycanda və idman sahəsində gedən inkişafla bağlı film nümayiş etdirilib, Azərbaycan musiqisi səsləndirilib. Konfrans salonunun girişində yaradılmış Azərbaycan guşəsində tədbir günlərində iştirakçılara Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, tarixi barədə müxtəlif kitablar və disklər paylanılır.