...

Azərbaycan ali məktəblərinin magistratura səviyyəsinə qəbul planı artırılıb

Cəmiyyət Materials 1 İyun 2013 10:06 (UTC +04:00)
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2013/2014-cü tədris ili üçün qəbul planı əvvəlki tədris ili ilə müqayisədə 12,84 faiz artıb.
Azərbaycan ali məktəblərinin magistratura səviyyəsinə qəbul planı artırılıb

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İ.İsabalayeva/

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2013/2014-cü tədris ili üçün qəbul planı əvvəlki tədris ili ilə müqayisədə 12,84 faiz artıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2013/2014-cü tədris ili üçün qəbul planı təsdiq edilib.

Qəbul planında yerlərin sayı 6794, dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı 1616 - dır.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılan plan yerləri, dövlət sifarişinin proqnozu "Magistr" xüsusi buraxılışının 4-cü sayında dərc olunacaq.

Ali təhsil müəssisələrinin magistraturalarına bu il martın 3-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılır və proqram seçimində iştirak edirlər. Bunun üçün bakalavrlar iyunun 3-dən 11-dək olan müddətdə öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Proqram seçib təsdiq etmiş bakalavrlar iyunun 19-dan 22-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.

Qəbul imtahanının ikinci mərhələsi 2013-cü il iyunun 23-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilir.

İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti