Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir İ.İzzət/
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində ilk Azərbaycan-Macarıstan birgə poçt markasının təqdimat mərasimi keçirilib.
Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, macar dizaynerləri tərəfindən hazırlanan, Macarıstan Poçtu və "Azərmarka"nın birgə istehsalı olan markada iki xalqın qədim incəsənətindəki oxşar motiv və ornamentlər öz əksini tapıb.
Təqdimat mərasimində Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev və Macar Poçtunun idarə rəisi Gabor Peteffi çıxış ediblər. Birgə marka Azərbaycan və macar xalqlarının mədəni və mənəvi birliyini əks etdirən rəmzi addım kimi dəyərləndirilib.
Macarıstandakı Azərbaycan səfirliyinin təşəbbüsü ilə hazırlanan, hər iki ölkədə eyni vaxtda böyük tirajla istehsala buraxılan markanın təkcə iki ölkədə deyil, bütün Avropa miqyasında filatelistlərin böyük marağına səbəb olacağı vurğulanıb. Daha sonra səfir Vilayət Quliyev və Macar Poçtunun rəsmisi Gabor Peteffi üzərinə birgə Azərbaycan-macar markası yapışdırılmış ilk poçt zərflərinə ştempel vurublar.
Təqdimat mərasimində Azərbaycan səfirliyinin və Macar Poçtunun əməkdaşları, filatelistlər, mətbuat nümayəndələri, macar ictimaiyyətinin və Azərbaycan diasporunun təmsilçiləri, Azərbaycan Rabitə və İnformasiya Nazirliyinin Budapeştdə ezamiyyətdə olan əməkdaşları iştirak ediblər. Birgə markanın böyüdülmüş və çərçivəyə salınmış ilk nüsxələri Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun azərbaycanlı və macar üzvlərinə təqdim olunub.