...

Heydər Əliyev Mərkəzi ümummilli liderin 90 illiyinə həsr edilmiş müsabiqələrin qaliblərini mükafatlandırıb (FOTO)

Cəmiyyət Materials 22 İyun 2013 17:45 (UTC +04:00)
Şənbə günü Heydər Əliyev Mərkəzində müəllimlər, jurnalistlər, gənclər, əcnəbi fotoqraflar və rejissorlar arasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illiyi ilə bağlı müsabiqələrin qalibləri və mükafatçılarının təltifetmə mərasimi keçirilib.
Heydər Əliyev Mərkəzi ümummilli liderin 90 illiyinə həsr edilmiş müsabiqələrin qaliblərini mükafatlandırıb (FOTO)

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir V. İmanov /

Şənbə günü Heydər Əliyev Mərkəzində müəllimlər, jurnalistlər, gənclər, əcnəbi fotoqraflar və rejissorlar arasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illiyi ilə bağlı müsabiqələrin qalibləri və mükafatçılarının təltifetmə mərasimi keçirilib.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov iştirakçıları salamlayıb və bildirib ki, bir neçə ay bundan öncə Mərkəzin qərarı ilə bir sıra xüsusi istiqamətlər üzrə müsabiqələrə başlanılıb:

"Heydər Əliyev Mərkəzi qısa bir müddət ərzində fəaliyyət göstərir və bu müddət ərzində bir çox layihələr həyata keçirilib. Bizim üçün ən vacib layihə ümummilli liderimizin 90 illik yubileyi münasibətilə həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda çoxsaylı tədbirlərin keçirilməsidir".

Onun sözlərinə görə, binanın memarlıq unikallığı nəzərə alınaraq Heydər Əliyev Mərkəzində bir çox tədbirlər keçirilir. Heydər Əliyev Mərkəzində bir sıra sərgilər təşkil olunub. Burada "Azərbaycan inciləri", "Mini Azərbaycan" və bir sıra fotosərgilər təşkil olunub.

Müsabiqələrin qaliblərinə və mükafatçılarına qiymətli mükafatlar və diplomlar təqdim olunub.

Ümumtəhsil məktəblərinin müəllimləri arasında elan olunan "Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm" yazı müsabiqəsinin qalibləri bunlardır: birinci yer- Pərvanə Piriyeva (İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəb), ikinci yer - Nailə Həsənova (Bakının Xətai rayonu, 55 saylı tam orta məktəb, üçüncü yer - Günay Sultanova (Avropa Azərbaycan Məktəbi). Daha 20 müəllim həvəsləndirici mükafatlara layiq görülüb.
Gənclər arasında elan olunmuş "Azərbaycanımla fəxr edirəm" mövzusunda müsabiqənin qalibləri bunlardır: birinci yer - Gülnar Quliyeva, ikinci yer - Lalə Nəcəfova, üçüncü yer Ayşən Sadıqlı. Daha 20 nəfər həvəsləndirici mükafatlara layiq görülüb.

Jurnalistlər arasında elan olunmuş "Azərbaycanın xarici siyasətdə ən böyük nailiyyəti", "Azərbaycan-beynəlxalq layihələrin təhlükəsiz ünvanı", "Azərbaycanın xarici siyasətinin prioritetləri" mövzularında yazı müsabiqəsinin qalibləri bunlardır: birinci yer - Bəhruz Nəzərov, ikinci - Qvami Rəsulov, üçüncü yer - Samirə Quliyeva. Daha 10 jurnalist həvəsləndirici mükafata layiq görülüb.

Əcnəbi fotoqraflar arasında elan edilən "Azərbaycan əcnəbilərin gözü ilə" foto müsabiqəsinin qalibləri bunlardır: birinci yer - Aleksandra Kneifel (Polşa), ikinci yer - Timoti Maknayt (ABŞ), üçüncü yer - Ketrin Poçkxanava Kliv (Böyük Britaniya). Daha 10 əcnəbi fotoqraf həvəsləndirici mükafatlara layiq görülüb.

Hərbi qulluqçular arasında elan edilən "Öz dövlətimi, öz xalqımı və ailəmi müdafiə edirəm" mövzusunda əsgər məktubu müsabiqəsi çərçivəsində mükafatlandırma mərasimi iyunun 24-də, Azərbaycanın Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi ərəfəsində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti