...

Rusiya Xalqlar Dostluğu Universitetinin magistraturasına Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə qəbul başlanılır

Cəmiyyət Materials 28 İyun 2013 14:21 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün Rusiya Xalqlar Dostluğu Universitetinin magistraturasına Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə qəbul elan edib.
Rusiya Xalqlar Dostluğu Universitetinin magistraturasına Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə qəbul başlanılır

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün Rusiya Xalqlar Dostluğu Universitetinin magistraturasına Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə qəbul elan edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, 050201 Filologiya (HS 020300) ( Rus dili və ədəbiyyatı) və 050213 (HS 160100) Beynəlxalq münasibətlər, 050211(HS 120100) Regionşünaslıq (rus bölməsi) ixtisasları üzrə bakalavr və ya digər ali təhsili olan, orta qiymət balı 4-dən (100 ballı şkalada 70-dən) aşağı olmayan və ali təhsil müəssisələrinin magistraturalarına 2013/2014-cü tədris ili üçün qəbul imtahanının nəticələrinə görə ümumi balı 75 (ixtisas üzrə 25) və daha çox olan Azərbaycan vətəndaşları Rusiya Xalqlar Dostluğu Universitetinin müvafiq "060201 Filologiya (rus dili üzrə)" (ixtisas kodu 288114, proqram 39, 1 yer) və "060213 Beynəlxalq münasibətlər" (ixtisas kodu 288122, proqram 47, 1 yer) ixtisaslarını da seçə bilərlər.

Ali təhsil müəssisələrinin magistrantları və magistr təhsili olanlar, həmçinin hərbi çağırışdan möhlət hüququ olmayanlar bu seçimdə iştirak hüququna malik deyillər.

Rusiya ali təhsil müəssisələrində təhsil ödənişsizdir. Lakin qəbul olunacaq Azərbaycan vətəndaşlarının yataqxana və digər xərcləri tələbələrin özləri tərəfindən ödənilməlidir. Tələbələr Azərbaycan tərəfindən aylıq təqaüdlə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2010-cu il tarixli, 101 nömrəli qərarı ilə bakalavr, magistratura və ordinatura üzrə təhsil alanlara 150 ABŞ dolları, aspirantura üzrə isə 250 ABŞ dolları müəyyənləşdirilib) və ildə bir dəfə pulsuz gediş-gəlişlə təmin olunurlar. Rusiya ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrin illik tibbi sığortalanması məcburidir.

Qəbul olunanların sənədləri Rusiya tərəfinə çatdırılmaq üçün Azərbaycanın Təhsil Nazirliyinə təqdim olunacaq.

Azərbaycan Respublikasının vətəndaşları Rusiya Xalqlar Dostluğu Universitetinə qəbul olunduqları təqdirdə 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının vakant yerləri olan ixtisaslaşmalarına əlavə yerləşdirmədə iştirak etmək hüququnu itirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti