Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir T.Cəfərov/
İran şənbə günündən etibarən xərçəng xəstəliyinə qarşı yeni və qabaqcıl dərman preparatının istehsalına başlayacaq. Trend-in "Fars" xəbər saytına istinadən verdiyi məlumata görə, bunu İran Səhiyyə Nazirliyinin Dərman və Ərzaq məsələləri üzrə Təşkilatının rəis müavini Şəmsəli Rzazadə deyib.
Rzazadə bildirib ki, "Docetaxel" adlanan bu qabaqcıl dərman müxtəlif növ xərçəng xəstəliklərin müalicəsində işlənilir: "İndiyədək bu dərman kənardan idxal edilirdi, lakin bundan sonra İranın daxilində istehsal olunaraq bazara çıxarılacaq".
Onun sözlərinə görə, İran, həmçinin "Faktor VII" preparatı və MS xəstəliyinin müalicəsində istifadə edilən bütün növ dərmanların ölkə daxilində istehsalını tam şəkildə həyata keçirir və bu tip dərmanların idxalına artıq ehtiyac yoxdur.
Rəsmi statistikaya görə, İranda hər il 63 min nəfər xərçəng xəstəliyinə yoluxur ki, onların 46 min nəfəri vəfat edir. Lakin İran KİV-lərinin məlumatına görə, bu rəqəm real yoluxma halları üçün 90-95 min, vəfat edənlər üçün isə 50-55 mindən çoxdur. Bundan başqa, hazırda İranda 50 min nəfər MS xəstəsi var.
ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq olunan və İranın maliyyə, ticarət, energetika və nəqliyyat sektorlarını əhatə edən sanksiyalar bu ölkənin iqtisadiyyatına mənfi təsir göstərib. Həmin sanksiyalar milli valyutanın dəyərinin düşməsi ilə yanaşı, ölkəyə bəzi dərman preparatlarının idxalı üçün də problemlər yaradıb. Belə ki, son vaxtlar İran KİV-lərinin məlumatına görə, ölkə bazarında bəzi yoluxucu, xərçəng, diabet və digər ağır xəstəliklərin müalicəsi üçün lazım olan 90 növ dərman preparatını tapmaq çətinləşib.