Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir A.Axundov/
Azərbaycanda Miqrasiya Məcəlləsi 2013-cü il avqustun birindən qüvvəyə minir. Trend-in məlumatrına görə, bu barədə çərşənbə axşamı Milli Məclisin növbədənkənar iclasında çıxışı zamanı Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib: " Daha əvvəl ehtimal olunurdu ki, məcəllə iyunun birində qüvvəyə minəcək, sonra bu tarixin sentyabrın birinədək təxirə salınması təklif olundu. Lakin məcəllənin qüvvəyə minməsi üçün lazım olan sənədlər hazır olduğundan məcəllə avqustun birindən qüvvəyə minəcək".
Çərşənbə axşamı Parlamentin növbədənkənar iclası zamanı Miqrasiya Məcəlləsi, onun qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimlənmə haqqında qanun layihəsi qəbul edilib.
Məcəllənin özü isə Parlament tərəfindən bu ilin iyununda qəbul olunub.
Məcəllədə Azərbaycanda daimi yaşayan əcnəbilərə dil öyrədilməsi, böyük maddi vəsait qoyan əcnəbilərə müvəqqəti yaşamaq hüququnun verilməsi, ölkədən kənarda yaşayan soydaşlarımıza vətəndaşlıq hüququnun verilməməsi, Azərbaycana gələn əcnəbilərin 3 gün müddətində qeydiyyata düşməsi və onların qeydiyyatının sadələşdirilməsi və s. məsələlər öz əksini tapıb.