...

Bakının daş karxanalarında daşkəsən maşınların fəaliyyəti dayandırılıb (FOTO)

Cəmiyyət Materials 4 İyul 2013 16:36 (UTC +04:00)
Əmək qanunvericiliyini pozan müəssisələrlə bağlı ciddi tədbirlər görülür.
Bakının daş karxanalarında daşkəsən maşınların fəaliyyəti dayandırılıb (FOTO)

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakının Qaradağ rayonunda "Könül 10" Kiçik Müəssisəsi və "Səbuhi Assosiasiyası" MMC-yə məxsus daş karxanalarında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə reyd keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Tale Rəcəbovun rəhbərliyi ilə aparılan yoxlamada Daxili İşlər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri də iştirak ediblər.

Reyd zamanı daş karxanalarında 30-a yaxın işçi ilə əmək müqaviləsinin bağlanılmadığı, avadanlıq və qurğuların işinin işçilərin sağlamlığı və həyatı üçün təhlükə törətdiyi, həmçinin işçilərin əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri və xüsusi geyimlərlə təmin olunmadığı aşkar edilib. Aşkar olunan pozuntular nəzərə alınaraq və Əmək Məcəlləsinin 229-cu maddəsi rəhbər tutularaq, sahibi hüquqi şəxs olan daş karxanalarının daş kəsən maşınlarının fəaliyyəti göstərilən nöqsanlar aradan qaldırılanadək dayandırılıb.

Əmək müqaviləsi bağlamadan işçilərin işə cəlb edilməsi barədə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən protokollar tərtib edilib. Həmin protokollar əsasında hüquq pozuntularına yol vermiş şəxslər barədə İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati cərimələrin tətbiq edilməsi məsələsinə baxılacaq. Qeyd olunan Məcəllənin 53.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilirlər.

Qeyd edək ki, Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti