...

Ağdaşda at əti kəsən qanunsuz sex aşkarlanıb

Cəmiyyət Materials 10 İyul 2013 11:07 (UTC +04:00)
Ağdaş rayonunda qanunsuz fəaliyyət göstərən “ət kəsim sexi” aşkarlanıb.
Ağdaşda at əti kəsən qanunsuz sex aşkarlanıb

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.İsabalayeva/

Ağdaş rayonunda qanunsuz fəaliyyət göstərən "ət kəsim sexi" aşkarlanıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Trend-ə verilən məlumata görə, reyd zamanı Ağdaş rayonunun Dəhnəxəlilli kənd sakini Zeynalov Zeynala məxsus fərdi yaşayış evinin həyətində qanunsuz fəaliyyət göstərən "ət kəsim sexi" aşkar edilib. Bu "kəsim sex"də uzun müddət atların kəsiminin aparıldığı müəyyən edilib.

Dövlət Baytarlıq Xidməti əməkdaşlarının keçirdiyi reyd nəticəsində əməli ortaya çıxan ev sahibi etiraf edib ki, o, sifarişlərə uyğun atları Bərdə və Ağdaş rayonlarının heyvan bazarlarından ucuz qiymətə alaraq kəsib müştərilərə satıb.

Dövlət Baytarlıq Xidmətinin reyd zamanı həyətdə 11 baş sağlamlığı şübhə doğuran at və baytarlıq-sanitariya tələblərinə cavab verməyən at tövləsi, gizli kanalizasiya xətti aşkar edilib.

Həmçinin, təzəcə əti çıxarılmış atın yuxarı ətraflarının skeletləri, at sümükləri ilə dolu ərazi aşkarlanıb. O cümlədən, kustar üsulla düzəldilən və kəsilən ətlərin saxlanılması üçün soyuducu, tərəzi, ətin sümükdən çıxarılması üçün alətlər, qarmaq, stol və avadanlıqlar aşkarlanaraq tərtib olunan akt əsasında qeydiyyata alınıb.

Qəsəbə icra nümayəndələrinin iştirakı ilə aşkarlanmış at sümükləri araşdırılmaq üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Ərazi nəzarət altına alınıb. Faktla bağlı hüquq mühafizə orqanlarına və digər müvafiq qurumlara müraciət edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti