...

Nizami Kino Mərkəzində “Ata yolu” filminin ilk təqdimatı olub (FOTO)

Cəmiyyət Materials 16 İyul 2013 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /Trend/

İyulun 15-də Nizami Kino Mərkəzində tanınmış kinorejissor, Xalq Artisti, Dövlət Mükafatı laureatı Vaqif Mustafayevin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Ata yolu" filminin ilk təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş filmin təqdimat mərasimində dövlət və hökumət, Milli Məclisin deputatları, mədəniyyət və elm xadimləri iştirak etmişlər.
Film Azərbaycan Prezidenti İlham Əliyevin Ümummilli Liderin yenidən hakimiyyətə qayıdışına dair xatirələri ilə başlanır: "Mən demək olar ki, bütün məqamları müşahidə etmişəm. Çünki daim onun yanında idim və 1993-cü ildən onun yanında idim. Ondan əvvəl Naxçıvanda olarkən ildə bir neçə dəfə Naxçıvana gedirdim. Onunla birlikdə idim. Bütün bu proseslərin şahidiyəm və bəzi proseslərin iştirakçısıyam. O vaxt, əlbəttə, ağır məqamlar kifayət qədər çox idi".

Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan xalqı əsrlər boyu müstəqillik arzuları ilə yaşamışdır. Biz öz tariximizi çox yaxşı bilirik. Yaxşı bilirik ki, Azərbaycan başqa imperiyaların tərkibində yaşamışdır. İmperiyaların adları fərqli ola bilər, amma o imperialist mahiyyət qalmaqdadır.

Filmdə eramızdan əvvəl IX əsrdə ölkəmizin ərazisində mövcud olmuş Manna dövlətindən başlayaraq müasir dövrümüzə qədər xalqımızın yadelli işğalçılara qarşı apardığı mübarizəni əks etdirən şanlı tarixinə qısa ekskurs edilmişdir. Sonra XX əsrdə müstəqillik qazanmış Azərbaycanın ictimai-siyasi mühiti üzərində xüsusi dayanılmış və ölkəmizin bugünkü mövqeyinin bərqərar olmasında, siyasi, iqtisadi uğurların qazanılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri diqqətə çatdırılmışdır.

Rejissor Vaqif Mustafayevin bu filmində Ümummilli Liderin başladığı yolun layiqli davamçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə qazanılan uğurlar da əks olunmuşdur. Dövlətimizin başçısı qeyd edir ki, yaxın tarixə nəzər salarkən bir daha görürük ki, Azərbaycanın müstəqilliyinin qurucusu ulu öndər Heydər Əliyevdir. Bu, şübhəsizdir. Əgər o dövrdə Heydər Əliyev olmasaydı, bu gün Azərbaycanın hansı vəziyyətdə olacağını demək çox çətindir.

Prezident İlham Əliyev vurğulayır ki, onun belə bir məsuliyyətli vəzifəni öhdəsinə götürməsinin səbəbi sadəcə olaraq ümummilli lider Heydər Əliyev siyasətinə, Ulu Öndərin ideyalarına olan sədaqətinin nəticəsidir. "Mənim üçün bir vətəndaş kimi, bir azərbaycanlı kimi və Heydər Əliyevin oğlu kimi başqa seçim yox idi".

Filmin nümayişindən sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək demişdir ki, Vaqif Mustafayev bu filmi ilə bizim ən yeni tarixlə əlaqədar yaddaşımızı təzələmiş və ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyi ilə bağlı möhtəşəm fəaliyyətinin bəzi məqamlarını nümayiş etdirmişdir. Sözün həqiqi mənasında 1990-1993-cü illərdə baş vermiş hadisələrə bu günün prizmasından baxanda bəzən müəyyən qədər qəribəliklər diqqətə çarpır. Bizə elə gəlir ki, sanki hər şey belə gözəl, belə rəvan olmalı idi. Bu gün bu filmə baxarkən bizim möhtəşəm, ziddiyyətli, kəşməkəşli son 30 illik tarixin ayrı-ayrı məqamları özünün bütün mahiyyətini büruzə verir.

Əli Həsənov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin bütün fəaliyyəti Azərbaycanın inkişafı ilə bağlı olmuşdur. Onun fəaliyyətinin hər bir dövrünə diqqət yetirsək görərik ki, Azərbaycanın ən yeni tarixinin bütün reallığı burada öz əksini tapmışdır.

Əgər Heydər Əliyevin milli təhlükəsizlik orqanlarında fəaliyyəti daha çox bu orqanın milliləşdirilməsi, azərbaycanlı kadrların yetişdirilməsi və bu qurumda yerləşdirilməsi ilə yadda qalmışdırsa, sonrakı dövrdə biz görürük ki, Ulu Öndərin bu addımı Azərbaycan tarixinin yeni mərhələsində sözün həqiqi mənasında bizim köməyimizə gəldi və dövlətçiliyimizin bünövrəsinin qorunub saxlanmasında mühüm rol oynadı. Yaxud görürük ki, 1969-1982-ci illərdə Heydər Əliyev Azərbaycanı idarə etmək, dövləti formalaşdırmaq, onun sənayesini, kənd təsərrüfatını, elmi potensialını, dövlət idarəçilik sistemini inkişaf etdirmək, yeni kadrlar yetişdirərək məsul sahələrdə yerləşdirməklə bağlı yürüdülən siyasətin kompleks konsepsiyasını işləyib hazırlamışdır. Təkcə Ümummilli Liderin 1969-1982-ci illərdə SSRİ-nin ayrı-ayrı ali məktəblərinə göndərdiyi gənclərin təhsillərini başa vurub respublikaya qayıtması və ölkəmizin idarəçiliyinin müxtəlif sahələrində iştirakının nə qədər mühüm mahiyyət kəsb etdiyindən danışmağa ehtiyac yoxdur. SSRİ-nin imkanlarından istifadə edib doğma respublikasını o çərçivədə nə qədər inkişaf etdirmək, onu ittifaq səviyyəsində yüksəkliklərə qaldırmaq mümkün idisə, Ulu Öndər bunların hamısını etmişdir. Yalnız 1982-1987-ci illərdə SSRİ rəhbərlərindən biri kimi Heydər Əliyevin Azərbaycana göstərdiyi xidmət bir liderin bu xalqın yaddaşında qalması üçün yetərlidir. Hər bir dövrdə - istər 1969-1982-ci illərdə, istər 1982-1987-ci illərdə, istər 1990-1993-cü illərdə, istərsə də 1993-cü ildən sonrakı dövrün hər biri ayrılıqda yetərlidir ki, Ulu Öndər Azərbaycan xalqının yaddaşında, tarixində əbədi lider olaraq qalsın. Görün bir insan nə qədər böyük işlər görmüş, xalqa xidmətin möhtəşəm nümunəsini ortaya qoymuşdur. Dövlətçilik təfəkkürünün, yenilməz iradənin, xalqa bağlılığın, vətənə sevginin, ailəyə məhəbbətin, siyasi xadimə xas olan ali keyfiyyətlərin ən yaxşı nümunələrini məhz Heydər Əliyev yaratmışdır. Ona görə də bu gün hansı sahəyə diqqət yetirsək, orada Heydər Əliyevin izi görünür. Həmin izləri əbədiləşdirdiyinə görə mən bu filmin yaranmasında əməyi olan hər kəsə, həmçinin bu ekran əsərinin rejissoru və ssenari müəllifi Vaqif Mustafayevə təkrar-təkrar təşəkkür edirəm.

Ümummilli Lider Heydər Əliyevin missiyasını son on ildə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyini vurğulayan Əli Həsənov demişdir ki, bu gün nümayiş olunan filmin son hissəsinin "Ata yolu" adlandırılması heç də təsadüfi deyildir. "Ata yolu"nun mahiyyəti bəllidir - Heydər Əliyevin yolunu davam etdirmək. Heydər Əliyevin müəyyənləşdirdiyi yol Azərbaycan xalqının inkişafına xidmət edən yoldur.

Hər bir yolun uğuru onun hədəflərinin bəlli olması üzərində qurulur. Prezident İlham Əliyevin yürütdüyü siyasət hədəfi bəlli, məqsədləri aydın olan, xalq tərəfindən dəstəklənən və onu həyata keçirənlərin iradəsinə söykənən bir siyasətdir. Bu siyasətin ən yaxşı şərhini bu film çərçivəsində Azərbaycan Prezidenti özü verdi. Mən düşünmürəm ki, Prezidentin yürütdüyü fəaliyyəti kim isə onun özündən yaxşı təsvir etsin. Bu fəaliyyətin də ayrı-ayrı məqamlarını əks etdirdiyinə görə filmin yaradıcı heyətinə təşəkkür edirəm.

Qarşıdan prezident seçkilərinin gəldiyini diqqətə çatdıran Prezident Administrasiyasının şöbə müdiri demişdir ki, bütün Azərbaycan vətəndaşları, xarici ölkələrdə yaşayan bütün soydaşlarımız bu uğurlu siyasətin davamına öz töhfələrini verəcəklər. Növbəti prezident seçkiləri də uğurla başa çatacaq və dövlətimizin başçısı İlham Əliyevin qələbəsini andiçmə mərasimində qeyd edəcəyik.

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov filmin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Azərbaycanda yaradıcı insanlar ulu öndər Heydər Əliyev mövzusuna böyük həssaslıqla yanaşırlar. Əslində bu, Azərbaycan cəmiyyətinin ümummilli lider Heydər Əliyevə olan dərin hörmətinin, etimadının ifadəsidir. Bu, əslində Azərbaycan cəmiyyətinin bu mövzuya olan ehtiyacından qaynaqlanır. Bu mənada filmin rejissoru və ssenari müəllifi Vaqif Mustafayevə təşəkkürümü bildirirəm.

Filmin rejissoru və ssenari müəllifi Vaqif Mustafayev diqqətə çatdırmışdır ki, "Ata yolu" ekran əsəri Heydər Əliyevə həsr olunmuş on iki filmdən sonuncusudur. Ulu Öndərə söz vermişdim ki, on iki film olacaqdır və sözümə əməl etdim. Bu, mənim sənət borcum idi və onu yerinə yetirdim.

Ekran əsərinin əvvəlki seriyaları ilə bağlı xatirələrini bölüşən Vaqif Mustafayev vurğulamışdır ki, filmdə əks olunan ağır və şərəfli yolu bizim nəsildən olanların hamısı ümummilli lider Heydər Əliyev ilə, Prezident İlham Əliyev ilə birgə keçmişik. Biz bu tarixin iştirakçılarıyıq. Bu, yolun bir hissəsidir. Bizim üçün böyük xoşbəxtlikdir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin müdrik siyasətini uğurla davam etdirir. Artıq biz bilirik ki, bu ilin payızında keçiriləcək prezident seçkilərində kimə səs verəcəyik. Biz, və bizim övladlarımız, sonrakı nəsillər xoşbəxt yaşamaq istəyirlər. Bu film təkcə mənim mövqeyim deyil, həm də əqidəmdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti