...

Azərbaycanda I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

Cəmiyyət Materials 21 İyul 2013 08:00 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün 2013/2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.
Azərbaycanda I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün 2013/2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 70 binada keçirilir. İmtahanların idarə olunması üçün 276 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 3026 nəzarətçi-müəllim cəlb olunub.

2013-cü ildə I qrup üzrə 36 883 abituriyent ərizə təqdim edib. Onlardan 34 240 nəfəri Azərbaycan bölməsinin, 2643 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 22 372 nəfərini oğlanlar, 14 511 nəfərini isə qızlar təşkil edir. 21 210 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 13 766 nəfər isə orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 200 abituriyent xarici ölkələrin vətəndaşıdır. 150 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1757 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir.

Bakı şəhərində 17 402, Naxçıvanda 1712, Gəncədə 4202, Sumqayıtda 3093, Mingəçevirdə 1491, Şəkidə 2080, Ağcabədidə 905, Göyçayda 1612, Şirvanda 1326, Lənkəranda 1915, Qubada isə 1145 abituriyent imtahan verir.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 3 saat ərzində aparılacaq.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Bu gün saat 19:00-da "Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında da yerləşdiriləcək.

I ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahanı komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 25-dən avqustun 1-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə müsabiqə şərtini ödədikləri halda I ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti