Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir A.Məmmədov/
Bu gün Bakı Apelyasiya Məhkəməsində Təhsil Nazirliyinin qarşısında keçirilən icazəsiz aksiyada həbs olunan Ramil Vəliyev, Elşad Rzayev, Arif Fətəliyev, Vahid Lələkişiyev, Ramil Mehdiyev, Elçin Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Trend-in məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri üzrə ilkin məhkəmə baxışı keçirilib. Məhkəmə baxışı avqustun 5-nə təyin edilib.
Nərimanov rayon Məhkəməsinin hökmü ilə Ramil Vəliyev 6 il 6 ay, Elşad Rzayev 6 il, Arif Fətəliyev, Vahid Lələkişiyev, Ramil Mehdiyev 2 il, Elçin Məmmədov 1 il 9 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər 2012-ci ilin oktyabr ayının 5-də keçirilən "Hicaba azadlıq" aksiyasında həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunublar.