Azərbaycan, Bakı, 1 avqust /Trend/
Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı sistemində mütəmadi təkmilləşdirmələr aparılmış, həmçinin yardım üçün tələb olunan sənədlərin sayı xeyli azaldılır. Belə ki, hazırda ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlardan təmsil etdikləri ailənin tərkibi və gəlirləri barədə məlumatların təqdim edilməsi üçün ümumilikdə 5 sənəd tələb olunur. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatda deyilir.
Lakin yardım üçün müraciət edildiyi zaman ailənin tərkibində demoqrafik göstəricilər və ailənin gəlir mənbələri müxtəlif olduğu hallarda digər (törəmə) sənədlərin, o cümlədən fərdi əməkdən əldə edilən gəlirlər barədə rəsmi məlumat kimi məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi və belə gəlirlər barədə müvafiq arayışların tələb olunmasına zərurət yaranır. Nazirlik "Elektron Hökumət" portalının yaratdığı imkanlardan istifadə olunmaqla ünvanlı sosial yardım üçün vətəndaşlardan tələb olunan sənədlərin sayının daha da azaldılması niyyətindədir.
Bununla bağlı olaraq, vətəndaşların ünvanlı sosial yardım almaq hüququna baxılması üçün onlara dair müvafiq məlumatların aidiyyatı dövlət qurumlarının informasiya ehtiyatlarından əldə olunması işlərinə başlanılıb və artıq Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin informasiya ehtiyatlarından istifadə reallaşıb. Digər müvafiq qurumların, o cümlədən Ədliyyə Nazirliyinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Dövlət Sosial Müdafiə Fondunun da informasiya ehtiyatlarından istifadənin təmin olunması işləri yaxın günlərdə başa çatdırılacaq.