...

Dilimizi qorumaq – gəncliyin əsas vəzifəsi kimi

Cəmiyyət Materials 1 Avqust 2013 14:55 (UTC +04:00)
Hər bir xalqın dili həmin xalqın mövcudluğunun əsas təminatı və kimliyinin göstəricisidir. Xalq öz varlığını tarixi ilə deyil, bu tarixi özündə ehtiva edən dili ilə sübuta yetirə bilər.
Dilimizi qorumaq – gəncliyin əsas vəzifəsi kimi

Sərraf Balaxan - YAP Gənclər Birliyi Ofisinin rəhbəri

Hər bir xalqın dili həmin xalqın mövcudluğunun əsas təminatı və kimliyinin göstəricisidir. Xalq öz varlığını tarixi ilə deyil, bu tarixi özündə ehtiva edən dili ilə sübuta yetirə bilər.

Dil kimlikdir, dil mənlikdir, dil xalqın yaratdığı ən zəngin və heç zaman bitib-tükənməyən bir xəzinədir.

Dünyanın ən zəngin və ən şirin, rəvan dillərindən biri də bu gün qoruduğumuz və mümkün bəlalardan hifz etməyə çalışdığımız Azərbaycan dilidir.

Azərbaycan dili dünyanın ən gözəl söz abidələrindən olan "Kitabi-Dədə Qorqud"un dilidir, dünya tarixinə fateh adını yazdıran Şah İsmayılın dilidir, dünyaya sevgi dastanı bəxş edən Füzulinin dilidir.

Bu gün göz bəbəyi kimi qorunan dilimiz ulu öndər Heydər Əliyev tərəfindən ən ali formada qorunmağa başlanıldı. Burada həm ulu öndərin özünün dildən istifadədə göstərdiyi şəxsi nümunə, həm də rəsmi sənədlər böyük rol oynadı. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Əlifba və ana dili ilə bağlı əsas işlər ümummilli lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşdi. Ulu öndər Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edildi. Həmin vaxtdan etibarən hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Azərbaycan Respublikası ərazisində bütün idarə-müəssisələr, dövlət və qeyri-dövlət qurumları, Azərbaycan dilində olan bütün nəşrlər latın qrafikalı əlifbaya keçdilər.

Bu gün xalqımızın ilkin tarixindən bizlərə əmanət qalan, daim qürur duyduğumuz sərvətimiz olan ana dilimizi qorumaq bizlərin - gənclərin borcu və məsuliyyətidir. Hazırda qarşısıalınmaz bir proses olan qloballaşmada bizim qoruyacağımız ən vacib komponent məhz dildir. Dil milli deqredasiyanın qarşısını ala bilən əsas faktordur. Bu mənada, gələcək zamanda bu dilin daşıyıcıları bizlər olacağıq, bugünkü gənclik. Məhz buna görə biz öz məsuliyyətimizi dərindən dərk etməli və vəzifəmizin öhtəsindən layiqincə gəlməyə çalışmalıyıq. Ulu öndərin "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan və inkişaf etdirən onun dilidir" - deyimi bizim məsuliyyətimizi daha da artıran bir tezisə çevrilməli və daim yaddaşımızda olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti