...

ARDNŞ: “Bulla-dəniz” yatağında alovun tam söndürülməsi məqsədəuyğun hesab edilməyib

Cəmiyyət Materials 26 Avqust 2013 17:28 (UTC +04:00)
“Bulla-dəniz” yatağında 90 saylı quyuda baş vermiş qəzanın ləğv edilməsi istiqamətində işlər davam etdirilir.
ARDNŞ: “Bulla-dəniz” yatağında alovun tam söndürülməsi məqsədəuyğun hesab edilməyib

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İ.İzzət/

"Bulla-dəniz" yatağında 90 saylı quyuda baş vermiş qəzanın ləğv edilməsi istiqamətində işlər davam etdirilir.

ARDNŞ-dən Trend-ə verilən mləumata görə, "Bulla-dəniz" yatağında 90 saylı quyuda baş vermiş qəza zamanı quyunun ağzı atqıya qarşı avadanlıqlarla bağlandığı üçün oradan çıxan alov ətrafa yayılaraq 350 metr radiusda yüksək temperatur sahəsi yaratmışdı. Bu isə quyuya yaxınlaşmağı mümkünsüz edirdi.

ARDNŞ və FHN-nin yüksəkixtisaslı əməkdaşlarından təşkil olunmuş komissiya qarşısında ilk növbədə alovun istiqamətini şaquli yönəltmək vəzifəsi dayanırdı. Bunun üçün hərbi texnikanın köməyindən istifadə olunub, sərhəd qoşunlarının hərbi gəmisindən uzaq məsafədən açılmış sərrast atəşlər vasitəsi ilə quyu ağzı maneçilik törədən avadanlıqlardan təmizlənib.

Nəticədə alovun kompaktlaşdırılmasına və şaquli istiqamətdə yönəldilməsinə nail olunub. Bununla da gəmilərin və işçi heyətin quyu ətrafına yaxınlaşmasına imkan yaranıb. Bu tədbirlərin davamı olaraq platformanın ətrafına cəlb edilmiş 6 yanğınsöndürən gəmi vasitəsilə quyunun ağzına və ətrafına intensiv suvurma prosesi aparılıb və alovun qarşısında su pərdəsi yaradılıb. Alovu söndürmək imkanı yaransa da, dənizin çirklənməsinin qarşısının alınması və özüldə işçilərin təhlükəsizliyinin təmin olunması prioritet götürüldüyündən qəzanın ləğv edilməsi və quyu ağzının bərpası işləri zamanı quyudan çıxan qazın yandırılaraq zərərsizləşdirilməsi vacib sayılıb. Bu səbəbdən alovun tam söndürülməsi məqsədəuyğun hesab edilməyib.

Əməliyyat zamanı ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin Fontana qarşı mübarizə dəstəsinin kəşfiyyat qrupu xüsusi qoruyucu geyimlərdə platformaya daxil olaraq, yaşayış blokuna, sonra isə qazma blokuna baxış keçirib. Kəşfiyyat qrupu fontan vuran quyu lüləsinin 2-3 metrliyinə qədər irəliləyərək platforma və quyu ətrafındakı avadanlığın faktiki vəziyyəti haqqında ətraflı məlumat əldə etməyə müvəffəq olub. Əldə edilmiş məlumatlar əsasında qəzanın aradan qaldırılması istiqamətində görüləcək işlərin planı dəqiqləşdirilib və hazırlıq işləri başa çatdırılıb.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti