Azərbaycan, Bakı, 27 avqust /Trend/
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin yeni inzibati binası istifadəyə verilib.
Trend-in məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iştirak ediblər. Onlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində böyük nailiyyətlərin əldə edildiyini vurğulayıblar. Bildirilib ki, ölkəmizdə müasir standartlara cavab verən strateji xəttin uğurla reallaşdırılması digər sahələrdə olduğu kimi sığorta-pensiya sisteminin də əsaslı inkişafını təmin edib, pensiyaçılara dövlət qayğısının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb.
Fondun sədri S.Müslümov son illər Fondun maddi-texniki bazasının tamamilə yenidən qurulduğunu, 74-dən yuxarı yerli şöbəsində yeni ofis binalarının tikildiyini və əsaslı təmir edildiyini, müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerlərinin yaradıldığını, "incə müştəri" sistemli 2200 kompyuteri əlaqələndirən yerli lokal şəbəkələr mərkəzinin informasiya sisteminə birləşdirilərək korporativ şəbəkənin formalaşdırıldığını bildirib. Yaradılan yeni baza elektron xidmətlərin tətbiq dairəsinin daha da genişlənməsinə, sığorta-pensiya sistemində vətəndaş - məmur kontaktlarının azaldılmasına və sistemdəki bütün əməliyyatların avtomatlaşdırılmış qaydada həyata keçirilməsinə gətirib çıxarıb. Fondun sədri nəzərə çatdırıb ki, artıq 11 iyul 2013-cü il tarixdən etibarən Azərbaycanda yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb. Ötən 2 aya yaxın vaxt ərzində 200-dən artıq vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyin olunub və onların arasında Mingəçevir şəhərində yaşayan insanlar da var.
DSMF-nin Mingəçevir şəhər şöbəsinin indiyə qədər fəliyyət göstərdiyi binada şəraitin ürək açan səviyyədə olmadığını qeyd edən S.Müslümov müasir standartlar əsasında inşa edilmiş yeni inzibati binada əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradıldığını bildirib. Fondun sədri şöbənin işçilərinə sosial sığorta sahəsində fəaliyyətin daha da gücləndirilməsi, bütün çalışanların sosial sığortaya cəlb olunmasının təmin edilməsi istiqamətində tapşırıqlar verib.