...

Samuxda yeni tibb məntəqəsi istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 8 Sentyabr 2013 09:38 (UTC +04:00)
Samux rayonunun Qırmızı Samux qəsəbəsində tikilən yeni tibb məntəqəsi sakinlərin istifadəsinə verilib.
Samuxda yeni tibb məntəqəsi istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Samux rayonunun Qırmızı Samux qəsəbəsində tikilən yeni tibb məntəqəsi sakinlərin istifadəsinə verilib.

Yeni tibb məntəqəsi Yaponiya hökumətinin Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı çərçivəsində inşa edilib. Tibb məntəqəsi ötən ilin dekabrında Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Gənc Liderlər Təlim Təhsil və İnkişaf İctimai Birliyi arasında bağlanmış müqavilə əsasında ayrılan 122 min 98 ABŞ dolları vəsait hesabına inşa edilib.

Açılış mərasimində çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Şuşuke Vatanable bildirib ki, Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı bələdiyyələr, tibb institutları sahəsində olan layihələri dəstəkləyir. Diplomat qeyd edib ki, tibb məntəqəsi səfirliyin Samuxda ilk layihəsidir və bundan sonra da rayonda müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev deyib ki, Qırmızı Samux rayondan uzaq məsafədə yerləşir. Burada yeni tibb məntəqəsinin tikintisinə ehtiyacın yüksək olduğunu qeyd edən A.Qocayev rayon mərkəzinə tibbi müayinəyə gəlməkdə çətinlik çəkən sakinlərin artıq burada yüksək səviyyədə müayinə və müalicə oluna biləcəklərini söyləyib.

Yeni tibb məntəqəsi 170 kvadratmetr olmaqla 6 otaqdan ibarətdir. Məntəqə müasir səviyyəli tibbi avadanlıqlarla da təchiz edilib. Burada Qırmızı Samux da daxil olmaqla ətraf 5 kənddən 20 min vətəndaş müayinə və müalicə olunacaq. Məlumata görə, Samuxda tikilən tibb məntəqəsi Gənc Liderlər Təlim Təhsil və İnkişaf İctimai Birliyinin Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi üçüncü layihədir. Bundan əvvəl Gəncədə Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya və reanimasiya şöbələri də təmir edilərək istifadəyə verilib.

Qeyd edək ki, Yaponiya səfirliyinin Azərbaycanda imzaladığı qrant müqavilələrinin ümumi sayı 168 olmaqla 13 milyon 500 min 995 dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti