...

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 19 Sentyabr 2013 14:25 (UTC +04:00)
XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirə günüdür.
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirə günüdür.

Trend-in məlumatına görə, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər.

Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva bildirib ki, Aida İmanquliyeva bütün ömrünü Azərbaycan elminin inkişafına həsr edib və bu sahədə çox böyük uğurlar əldə edib.

G.Baxşəliyevanın sözlərinə görə, Aida xanım ərəb filologiyası üzrə bir çox tədqiqatlar aparıb. O, Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı və ilk azərbaycanlı ərəbşünas qadın olub: "Aida xanımın bu sahədə gördüyü işlər zamanını bir necə on il qabaqlayıb. Çünki sovetlər dönəmində - ideoloji çərçivələrin, qəliblərin çox sərt olduğu bir zamanda Aida xanım zamanını qabaqlayaraq öz əsərlərində sübut edib ki, Şərqlə Qərb əməkdaşlıq edib və edəcək. Bunsuz inkişaf mümkün deyil. Vaxtilə Kiplinq deyirdi ki, Şərq Şərq, Qərb isə Qərbdir, bunlar heç vaxt yaxınlaşmayacaqlar. Aida xanım öz tədqiqatları ilə bu müddəanı tamamilə darmadağın etdi. O sübut etdi ki, hələ qədim dövrlərdə bu mədəniyyətlərin bir-birlərinə çox güclü təsiri olub".

Aida xanımın bir sıra xarici dilləri çox yaxşı bildiyini də deyən G.Baxşəliyeva bildirib ki, o, həm də yaxşı tərcüməçi olub. Onun qədim və müasir ərəb ədəbiyyatına dair bır çox tərcümələri işıq üzü görüb.

Böyük alimin qoyduğu zəngin elmi irslə yanaşı, elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açan G.Baxşəliyeva deyib ki, Aida xanım institutda kiçik elmi işçi vəzifəsindən direktor vəzifəsinədək yüksəlib. O, Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərib: "Onun səyləri nəticəsində həm respublika, həm də dünya miqyasında bir çox konfranslar təşkil olunub. Aida xanım uzun illər Yaxın və Orta Şərq Xalqları Ədəbiyyatı ixtisası üzrə Müdafiə Şurasının sədr müavini olub. Daha sonra isə şuranın sədri olub. Azərbaycanda ərəb ədəbiyyatı elmi məktəbinin yetişməsində Aida xanımın müstəsna rolu olub. Onun tələbələri bu gün onun acdığı cığırla gedərək elmdə yeni-yeni zirvələri fəth edirlər. Onun ərəb məhcər (mühacirət) ədəbiyyatı sahəsi üzrə kitabları bu gün nəinki Azərbaycanda, eyni zamanda keçmiş MDB məkanında, dünyada mütəxəssislərin stolüstü kitablarına çevrilib".

G.Baxşəliyeva Aida İmanquliyeva itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd edib.

Onun sözlərinə görə, professor Vilayət Cəfərov Aida İmanquliyevanın bütün məqalələrini toplayaraq böyük toplu tərtib edib və nəşr edib. İnstitut bu istiqamətdə işlərini davam etdirəcək. Gələn il A.İmanquliyevanın 75 illik yubileyinin olacağını deyən G.Baxşəliyeva bu yubileyə indidən hazırlaşdıqlarını da nəzərə çatdırıb. O qeyd edib ki, Aida xanımın əsərlərinin toplusu həm rus, həm Azərbaycan dilində hazırlanır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, Aida İmanquliyeva həmişə böyük hörmətlə anılan alim və Azərbaycan qadınıdır: "Biz də komitə olaraq, həmişə özümüzə borc bilirik ki, bu gözəl alimimizi, Azərbaycan qadınını daim xatırlayaq və gənclərimiz üçün bir nümunə təqdim edək. Aida xanım bu hörməti öz əzmi, əməyi, gözəl keyfiyyətləri ilə qazanıb. O, bu gün hər bir Azərbaycan gəncinə, aliminə nümunə olacaq bir insandır. Bizlərin borcudur ki, Azərbaycan tarixində önəmli yeri olan belə alimləri daim xatırlayaq və bu xatirələri gələcək nəsillərə ötürək".

Aida İmanquliyevanın Şərqşünaslıq İnstitutunda uzun müddət rəhbərlik etdiyi Ərəb filologiyası şöbəsinin hazırkı müdiri professor Vilayət Cəfərov bu gözəl alimlə bərabər işlədiyini söyləyib. O qeyd edib ki, Ərəb filologiyası şöbəsi Aida xanımın rəhbərliyi altında 1978-ci ildə fəaliyyətə başlayıb. Bu şöbə onun rəhbərliyi ilə çox böyük uğurlar qazanıb: "Bu gün artıq 21-ci ildir ki, Aida xanım aramızda yoxdur. Amma onun təsis və rəhbərlik etdiyi Ərəb filologiyası şöbəsi, o cümlədən Şərqşünaslıq İnstitutunun əməkdaşları bu müddət ərzində onu heç zaman unutmayıb, onun xatirəsini həmişə yad ediblər".

V.Cəfərov deyib ki, Ərəb filologiyası şöbəsi Aida xanımın xatirəsini yad etmək üçün son illərdə də bir çox əsərlər çap etdirib. Onlardan bəziləri sırf onun parlaq xatirəsinə həsr edilib.

Qeyd edək ki, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) şərqşünaslıq fakültəsini bitirən Aida İmanquliyeva 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyası müdafiə edib. İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçilikdən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlib. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü idi. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida xanım İmanquliyeva Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri olub.

İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlayıb.

Üç monoqrafiya ("Mixail Nuaymə və "Qələmlər birliyi", Moskva,1975; "Cübran Xəlil Cübran", Bakı, 1975; "Yeni ərəb ədəbiyyatının korifeyləri", Bakı, 1991) və 70-dən artıq elmi məqalənin müəllifi olan İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti