Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir E.Mehdiyev/
Bu gün ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Azərbaycan Mətbuat Şurasında olub.
Mətbuat Şurasından Trend-ə daxil olan məlumata görə, görüşdə MŞ-nin sədri Əflatun Amaşov səfirə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. Xüsusən Şuranın şikayətləri araşdırması proseduru üzərində dayanan Ə.Amaşov bildirib ki, rəhbərlik etdiyi quruma müxtəlif vətəndaş qruplarından, o cümlədən ayrı-ayrı siyasi partiyalardan da müraciətlər daxil olur: "Bu şikayətlərdə cavabdeh tərəf kimi həm iqtidar, həm də müxalifət yönümlü media göstərilir. Mətbuat Şurası araşdırma prosesində hər hansı ayrı-seçkiliyə yol vermir, başlıca olaraq peşə prinsiplərini rəhbər tutur".
Seçki prosesi və medianın seçkidə iştirakı ilə bağlı müzakirələr zamanı MŞ sədri bildirib ki, Şura seçki kampaniyası müddətində jurnalistlərin həssas prosesi işıqlandırmalarına yaradılmış şəraiti nəzarətdə saxlamaq üçün konkret tədbirlər həyata keçirməkdədir. Xüsusən kütləvi aksiyalar zamanı aparılan monitorinqlərə toxunan Ə.Amaşov vurğulayıb ki, işlərin intensivliyini artırmaq üçün MŞ-nin Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən əlavə nümayəndələr cəlb olunub. Ə.Amaşov kütləvi aksiyalarda jurnalistlərin təhlükəsizliyinin təminatının Mətbuat Şurası üçün prioritet vəzifə olduğunu bildirərək yarana biləcək problemlərin dərhal aradan qaldırılması üçün MŞ-nin "qaynar xətt"inin də fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Səfir Riçard Morninqstar hər bir cəmiyyət üçün seçkinin böyük önəm daşıdığını, prosesin medianın aktivliyinə də təsirsiz ötüşmədiyini vurğulayıb. O, bu baxımdan Azərbaycan mediasının da həssas mərhələ yaşadığını diqqətə çatdırıb. Səfir bildirib ki, kütləvi informasiya vasitələrinin mövcud vəziyyətdə ictimai maraqları üstün tutmaları üçün onlara eyni zamanda vətəndaş cəmiyyəti institutlarının da fəal dəstəyi lazımdır.
Görüşdə ölkəmizdə söz və mətbuat azadlınının müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycan mediasının qabaqcıl ənənəyə malik ABŞ mediası ilə qarşılıqlı təmaslarının və təcrübə mübadiləsi imkanlarının artırılması istiqamətində müvafiq tədbirlərin görülməsinin vacibliyi ifadə olundu.