Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib.
Trend-in məlumatına görə, tədbir öncəsi idarə rəisi Kamran Əliyev qonaqları rəhbərlik etdiyi qurumun yeni inzibati binasının fəaliyyəti ilə yaxından tanış edib.
Tədbir Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin konfrans zalında davam etdirilib.
K.Əliyev vurğulayıb ki, idarə əməkdaşları tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarının qarşısının alınması, təqsirləndirilən şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində ardıcıl və qətiyyətli mübarizə tədbirləri davam etdiriləcək.
Sonra çıxış edən Avropa İttifaqının Bakı ofisinin nümayəndəsi Toralf Pilz deyib ki, Azərbaycanda korrupsiya ilə mübarizə üzrə strategiyanın qurulması, korrupsiyaya qarşı mübarizə ilə bağlı xüsusi idarənin fəaliyyət göstərməsi ölkə üçün böyük uğurdur: "Hər bir ölkənin öz inkişaf yolu var və korrupsiya halları inkişafa mane olan əsas amillərdən biridir. Korrupsiya bəzən mental xüsusiyyətlərdən asılı olur və belə mənfi təzahürlərin də kökü kəsilməlidir. Korrupsiya ilə mübarizənin uğurlu olması üçün idarədə işləyən əməkdaşlarla vətəndaşların birgə əməyi vacibdir".
Azərbayan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev tədbirdə bildirib ki, artıq ölkədə korrupsiya ilə mübarizə sahəsində vətəndaş cəmiyyətinin iştirakını qurmaq niyyəti ortalığa qoyulub. A.Quliyev də vurğulayıb ki, korrupsiya ilə mübarizənin effektivliyi vətəndaşların bu prosesdə fəal iştirakından asılıdır. O. ölkədə fəaliyyət göstərən QHT-lərin bu sahədə göstərdikləri təşəbbüsləri dəstəklədiyini deyib.