...

Qərib Məmmədov: Bələdiyyələr tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı qərarın qəbulunda DTXK-nın şöbələri iştirak etmir

Cəmiyyət Materials 10 Oktyabr 2013 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov korrupsiya cinayətlərinin ən çox qeydə alındığı dövlət qurumlarının siyahısında rəhbərlik etdiyi qurumun adının olmasına münasibət bildirib.

Trend-in məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Komitə sədri deyib ki, fiziki və ya hüquqi şəxslərə torpaq sahəsinin ayrılması məsələsi ilə bağlı bələdiyyələr tərəfindən qərarın qəbul edilməsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələri iştirak etmirlər. Bələdiyyə yalnız torpağın fiziki və ya hüquqi şəxslərə ayrılmasını məqsədəmüvafiq hesab etdiyi halda, Komitənin rayon və şəhər şöbələri müvafiq planlama işləri aparmaqla nəticədə zəruri miqyaslarda yer quruluşu plan və ölçü sənədlərini tərtib edir. Eyni zamanda, torpağın normativ qiyməti barədə arayış hazırlayaraq aidiyyəti üzrə bələdiyyəyə təqdim edir.

Q.Məmmədov qeyd edib ki, yerli icra hakimiyyətləri tərəfindən dövlət mülkiyyətinə aid yay və qış otlağı torpaq sahələrinin ayrılması prosedurunda da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələri sərəncamverici və icarəyəverən şəxs qismində çıxış etmirlər. Bununla yanaşı, Komitənin rayon və şəhər şöbələrinin müdirləri ikili tabelikdədir. Belə ki, onların vəzifəyə təyin edilməsi yalnız müvafiq yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin (başçıların) təqdimatı əsasında Komitə tərəfindən həyata keçirilir. Həmin şöbələr Komitənin Əsasnaməsi ilə üzərinə qoyulmuş vəzifə, funksiya və hüquqları çərçivəsində tapşırıqları yerinə yetirməklə yanaşı, əsasən də yerli icra hakimiyyətlərinin bilavasitə gündəlik tapşırıqlarını, sərəncamlarını icra etməklə məşğul olurlar:

"Qeyd etmək lazımdır ki, şöbənin gündəlik fəaliyyətinə aid işlərdən biri də bələdiyyələrin qərarından irəli gələn torpaqayırma işlərini həyata keçirməkdir. Bu da nəticədə (baxmayaraq ki, bələdiyyələr torpaq sahəsinin ayrılması barədə qərar qəbul edərkən Komitənin şöbələri orada iştirak etmirlər) bələdiyyələrin fəaliyyətinə dair məsələlərə prokurorluq orqanlarında baxılarkən bələdiyyələrin qərarları əsasında Komitənin rayon şöbələrinin hazırladıqları torpaqayırma sənədlərində bəzən müəyyən nöqsanların ortaya çıxmasına səbəb olur".

Komitə sədri bildirib ki, bələdiyyələrin qərarları əsasında və onlarla bağlanmış müqavilə ilə 2009-2013-cü illər ərzində respublikanın ayrı-ayrı bələdiyyələri üzrə 10 min 95 müsabiqə və hərrac keçirilib. Onun sözlərinə görə, indiyədək vətəndaşlardan hərrac və müsabiqələrin təşkilatçılığı ilə bağlı şikayət məzmunlu hər hansı müraciət daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti