...

Kuba səfiri Bakı Ali Neft Məktəbində olub (FOTO)

Cəmiyyət Materials 18 Noyabr 2013 11:42 (UTC +04:00)
Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ömər Senon Medina Kintero Bakı Ali Neft Məktəbində (BANM) olmuşdur.
Kuba səfiri Bakı Ali Neft Məktəbində olub (FOTO)

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ömər Senon Medina Kintero Bakı Ali Neft Məktəbində (BANM) olmuşdur.

BANM-dən trend-ə verilən məlumata görə, qonağı qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirmişdir ki, Kuba ilə Azərbaycan arasında hər zaman isti münasibətlər olmuşdur və bu gün də isti və dost münasibətlər yüksək səviyyədə davam etməkdədir. BANM-in fəaliyyəti haqqında qonağa ətraflı məlumat verən E.Qasımov qeyd etmişdir ki, Bakı Ali Neft Məktəbinin yaranmasında əsas məqsəd günü-gündən inkişaf edən Azərbaycan üçün yüksəkixtisaslı kadrların hazırlanması olmuşdur.

Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edərək bildirmişdir ki, beynəlxalq təhsil sisteminin tələblərinə uyğun yaradılmış Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də dünya dövlətlərinin aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır.

Qısa müddət ərzində bu istiqamətdə görülmüş işlər haqqında məlumat verən Elmar Qasımov qeyd etmişdir ki, Kuba Respublikasının elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulması xüsusi maraq kəsb edir.

Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ömər Senon Medina Kintero Bakı Ali Neft Məktəbinə gəlişindən məmnunluq hissi keçirdiyini bildirmişdir. Səfir qeyd etmişdir ki, Azərbaycanda yüzlərlə kubalı tələbə təhsil almışdırlar və bu gün də alanlar var. Baxmayaraq ki, Kubada neft-qaz sənayesi o qədər də inkişaf etməmişdir, lakin buna baxmayaraq, təhsil alan tələbələrin əksər hissəsi, demək olar ki, bu ixtisaslar üzrə təhsil almışdırlar və onların bir çoxu bu gün Kubada yüksək vəzifələrdə fəaliyyət göstərirlər. Müasir tipli texniki ali məktəbin yaradılmasının çox vacib olduğunu vurğulamışdır. O, qeyd etmişdir ki, Kuba hökuməti təhsil sahəsində Azərbaycanla əlaqələrin qurulmasında maraqlıdır.

Azərbaycanda səfir kimi fəaliyyətə başladığı zamandan etibarən Azərbaycan və Kuba arasında bir çox təhsil layihələrinin həyata keçirilməsi istiqamətində işlər gördüyünü söyləyən Ömər Senon Medina Kintero iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir. O vurğulamışdır ki, bu gün Kuba dövləti yalnız öz daxili enerji tələbatını ödəyə biləcək səviyyədə neft-qaz hasil edir: "Lakin mütəxəssislərin bildirdiyinə görə, Kuba ərazisində böyük neft yataqları vardır və gələcəkdə bu yataqların istismarı zamanı Sizin mütəxəssislərin təcrübələri bizim üçün böyük əhəmiyyət kəsb edə bilər".

O bildirmişdir ki, bilik və təcrübələrin paylaşılması baxımdan Azərbaycanla Kuba arasında professor-müəllim, mütəxəssis və tələbə mübadiləsi Kuba dövləti üçün gərəkli məsələdir.

Verilən təklifləri yüksək qiymətləndirən E.Qasımov yaxın vaxtlarda qeyd edilən istiqamətlərdə praktiki əlaqələrin qurulacağına ümidvar olduğunu bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti