Azərbaycan, Bakı, 20 noyabr /Trend/
Bu gün Gəncədə inşa ediləcək tramvay xəttinin təqdimatı keçirilib.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, tədbirdə tramvay xəttinin inşasına cavabdeh olan "NewTL" şirkətinin nümayəndəsi bildirib ki, tramvayın uzunluğu 25 m, eni 2 m 20 sm, ağırlığı isə 23 tondur.
Tramvay rezin təkərlər üstündə cəmi bir rels üzərində hərəkət edəcək. Bunun nəticəsində də nəqliyyat vasitəsi Sovet dövründəki tramvaylarla müqayisədə səssiz olacaq.
Sürəti saatda 70 km-ə qədər olacaq tramvayda iki elektrik mühərriki də quraşdırılacaq ki, bu da ekoloji baxımdan təhlükəsizdir.
Tramvayın hərəkət etdiyi marşrut üzrə 12 dayanacaq quraşdırılacaq və hər dayanacaqda gəlib-getmə qrafiki elektron tabloda əks olunacaq.
Tramvayın rənginin mavi olacağı və üzərinin milli ornamentlərlə bəzədiləcəyi nəzərdə tutulur. Tramvayın marşrutu Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından dəmiryol vağzalına qədər olacaq.
Tramvayla yanaşı bu marşrut üzrə velosiped yolları da inşa olunacaq və hər dayanacaqda velosipedlər kart vasitəsi ilə icarəyə veriləcək.
Şirkət tramvayın istismar müddətinə 25 illik zəmanət verir. Analoji tramvay Parisdə və Venesiyada da istifadəyə verilib.