Azərbaycan, Bakı, 12 dekabr /Trend/
Moskva şəhər prokurorluğu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin oktyabrın 18-də Orxan Zeynalovun həbsi ilə bağlı Rusiya Federasiyası İctimai Palatasının sədrinə ünvanlandığı məktubda qaldırdığı məsələlərə münasibətini açıqlayıb.
Şuradan Trend-ə verilən məlumata görə, məktubda Şura sədrinin O.Zeynalovun həbs olunarkən zorakılığa məruz qalması ilə bağlı narahatlığına cavab olaraq bununla əlaqədar oktyabrın 24-də məhkəmə-tibbi ekspertizasının təyin olunduğu, noyabrın 11-də isə onun yekun nəticəsinin açıqlanma müddətinin daha bir ay uzadıldığı qeyd edilir.
Prokurorluq yalnız tibbi ekspertizanın yekun rəyindən sonra həbs edilərkən soydaşımıza qarşı hər hansı qanun pozuntusu hərəkətinin yol verilməsi məsələsinə hüquqi cəhətdən tam aydınlıq gətiriləcəyini bildirib.
Moskva şəhər prokurorluğu O.Zeynalovun həbsi ətrafında mətbuatda gedən iddiaların onun həbs olunarkən zorakılığa məruz qalması ilə bağlı hər hansı cinayət işinin açılmasıma yetərli olmadığını da vurğulayıb.
Xatırladırıq ki, Şura sədri A.Quliyevin Rusiya Federasiyası İctimai Palatasının sədri Yevgeni Velixova ünvanlandığı məktubda məişət zəminində baş vermiş bu hadisənin milli müstəviyə cıxarılmasından, O.Zeynalovun hüquqlarının kobud şəkildə pozulmasından və zorakılığa məruz qalmasından ciddi narahatlıq ifadə olunub.
Şura bundan sonra da O.Zeynalovun həbsi ilə bağlı məsələni nəzarətdə saxlamağa davam edəcək.