...

Azərbaycan yol polisi sürücülərə çağırış etdi

Cəmiyyət Materials 28 Dekabr 2013 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir İ.İzzət/

Dövlət Yol Polisi qarşıdan gələn bayram günlərində yol qəzaları ilə üzləşməmələri və ailələrində faciə yaşanmaması üçün sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

Bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmrinə əsasən, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti 31 dekabr 2013-cü il tarixdən 2014-cü il yanvar ayının 7-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: "Nazirin əmrinə müvafiq olaraq, DYP-nin şəxsi heyəti istər Bakıda, istər digər şəhərlərdə və rayonlarda, eləcə də magistral yollarda nəqliyyat vasitələrinin hərəkətinə, yol qaydalarına riayət olunmasına ciddi nəzarət edəcək və əlbəttə ki, qaydaları pozan sürücülər və piyadalar cəzalardan kənarda qalmayacaqlar".

Ona görə də Kamran Əliyev sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb: "Bayramları qeyd etmək üçün rayonlara, eləcə də bölgələrdən Bakı istiqamətinə səfərə çıxan insanların sayı çoxalacaq. Bu səbəbdən rayonlararası yollarda hərəkətin intensivliyi bir az da artacaq. Bu günlərdə ağır yol-nəqliyyat hadisələri baş verməsin deyə biz bir daha sürücülərdən xahiş edirik ki, yollarda sürət həddinə diqqət yetirsinlər, müəyyən olunmuş sürət həddini aşmasınlar, ötmə qaydalarına ciddi riayət etsinlər, həm özlərinin, həm sərnişinlərin təhlükəsizlik kəmərini bağlamalarını təmin etsinlər. Baş Dövlət Yol Polisi İdarəsi olaraq bütün Azərbaycan xalqına xoş istirahətlər arzulayırıq. Arzumuz odur ki, bu bayram günlərində heç bir ailədə yol qəzalarına görə faciə yaşanmasın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti