...

Azərbaycanda iqlim dəyişmələri yenidən qiymətləndirilib: temperatur yüksəlib, buludlu günlərin və yağıntıların miqdarı azalıb

Cəmiyyət Materials 8 Yanvar 2014 14:49 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu ölkə ərazisində iqlim dəyişmələrini yenidən qiymətləndirib və nəticədə maraqlı faktlar ortaya çıxıb.
Azərbaycanda iqlim dəyişmələri yenidən qiymətləndirilib: temperatur yüksəlib, buludlu günlərin və yağıntıların miqdarı azalıb

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu ölkə ərazisində iqlim dəyişmələrini yenidən qiymətləndirib və nəticədə maraqlı faktlar ortaya çıxıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, tədqiqatı aparan Məhərrəm Həsənov Trend-ə eksklüziv açıqlamasında bildirib ki, tədqiqatları Azərbaycanda yerləşən meteoroloji stansiyaların məlumatlarından istifadə etməklə aparıblar.

Tədqiqatlar zamanı müşahidələr dövrü 3 hissəyə ayrılıb. İlk mərhələ meteoroloji stansiyaların açıldığı vaxtdan (Bakıda 1881-ci ildən, digər ərazilərdə isə fərqli illərdə məlumatların daimi qeydə alınmasına başlanılıb) 1960-cı ilə qədər olan dövrü, ikinci mərhələ 1961-1990-cı illəri, üçüncü mərhələ isə 1991-ci ildən 2005-ci ilə qədər olan dövrü əhatə edib. Ölkədəki bütün meteoroloji stansiyaların məlumatları əsasında bu dövrlərin məlumatları bir-biriləri ilə müqayisə edilib və yekun nəticələr əldə olunub.

Alimin sözlərinə görə, tədqiqat zamanı məlum olub ki, Azərbaycanın bütün ərazisində havanın temperatur 0,2-0,9 dərəcə yüksəlib. Regionlardan asılı olaraq, bu yüksəlmə müxtəlif kəmiyyətlər daxilində qeydə alınıb. Temperaturun ən çox yüksəlməsi Aran, ən az yüksəlməsi dağlıq rayonlarda müşahidə edilib: "0,2-0,9 dərəcə böyük rəqəm kimi nəzərə alınmaya bilər. Ancaq bu, havanın temperaturu üçün çox böyük rəqəmdir. Beynəlxalq Meteorologiya Təşkilatının hesablamalarına görə, indi Yer kürəsində havanın orta illik temperaturu müsbət 14 dərəcədir. Əgər bu temperatur 2 dərəcə yüksələrək 16 dərəcəyə catarsa, onda Yür kürəsində olan bütün buzlaqlar əriyər, dünya okeanlarının cərəyanlarının istiqamətləri dəyişər, buxarlanmanın miqdarı artar, yağıntıların miqdarı çoxalar".

M.Həsənov deyib ki, tədqiqatlar zamanı son dövrlərdə ölkə üzrə buludlu günlərin sayının azaldığı ortaya çıxıb. Bununla yanaşı, ölkədə küləkli günlərin sayında müəyyən qədər - il ərzində 15-20 gün azalma müşahidə edilib, küləyin sürəti zəifləyib. Ölkədə müəyyən ərazilərdə günəşli günlərin sayı azalıb. Artım daha çox Naxçıvan Muxtar Respublikasinda qeydə alınıb. Burada günəşli günlərin sayı il ərzində 12-14 gün artıb ki, bu da kiçik rəqəm hesab olunmur. Bu, o deməkdir ki, Naxçıvanda 1 kvadrat metr sahə Günəşdən 1 ildə 150-155 kilokalori istilik alır.

Tədqiqatlar zamanı aydın olub ki, günəşli günlərin sayı Bakıda, Abşeron yarımadasında, Lənkəranda da artıb. Abşeron yarımadasında günəşli günlərin sayı il ərzində 5-6, Lənkəranda 3-4 gün çoxalıb. Şəki-Zaqatala, Quba-Xaçmaz zonalarında günəşli günlərin sayı azalıb. Həmin ərazilərdə bunun əvəzində buludlu günlərin sayı artıb.

Tədqiqatlar nəticəsində Azərbaycanda yağıntıların miqdarının 15-80 mm azaldığı da məlum olub. Ümumən ölkənin hər yerində yağıntıların miqdarı azalsa da, Şəki-Zaqatala bölgəsində yağıntıların miqdarı orta illik göstəriciyə əsasən, təqribən 10 mm artıb.

Alimin sözlərinə görə, Azərbaycan düzənlik ərazidə yerləşsəydi, yağıntıların miqdarının azalması onun coğrafi şəraitinə bir o qədər də təsir etməzdi. Ancaq Azərbaycan həm düzənlik, həm də dağlıq ərazidə yerləşdiyi üçün bu dəyişiklərin bir çox fəsadları olacaq. Belə ki, ölkədə rütubət sevən bitkilərin arealı azalacaq, dağlıq ərazilərdə landşaftın sərhədləri dəyişəcək, rütubətli zonaların sərhədləri aşağı düşəcək, istilik zonalarının sərhədləri, eyni zamanda meşələrimizin aşağı sərhədi yuxarı qalxacaq. Bu kimi dəyişikliklər isə bu və ya digər dərəcədə əhalinin sağlamlığına, onların ərzaqla təminatına, respublikada turizm-kurort rekreasiya işlərinin təşkilinə təsirsiz qalmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti