...

Ədliyyə orqanlarında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimləri keçirilib

Cəmiyyət Materials 18 Yanvar 2014 18:49 (UTC +04:00)
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş və xalqımızın qan yaddaşında əbədi yaşayacaq 1990-cı ilin 20 Yanvar faciəsindən 24 il ötür. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi həmvətənlərimizin həm də mübarizliyini, əyilməzliyini nümayiş etdirmişdir. Bu qanlı hadisələrdən nə qədər illər keçsə də, xalqımızın şəhidlərimizə olan ehtiramı daim yaşayır, faciəni törədənlərə isə dərin nifrət bildirilir.
Ədliyyə orqanlarında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimləri keçirilib

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş və xalqımızın qan yaddaşında əbədi yaşayacaq 1990-cı ilin 20 Yanvar faciəsindən 24 il ötür. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi həmvətənlərimizin həm də mübarizliyini, əyilməzliyini nümayiş etdirmişdir. Bu qanlı hadisələrdən nə qədər illər keçsə də, xalqımızın şəhidlərimizə olan ehtiramı daim yaşayır, faciəni törədənlərə isə dərin nifrət bildirilir.

20 Yanvar faciəsi ilə əlaqədar ədliyyə işçiləri Şəhidlər xiyabanını ziyarət edərək, qəhrəman Vətən övladlarımızın xatirəsini ehtiramla yad etmiş, məzarları üstünə tər çiçəklər düzmüşlər. Ədliyyə Nazirliyində və onun struktur qurumlarında keçirilmiş anma mərasimlərində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılmış, xalqımızın müstəqillik yolunda keçdiyi keşməkeşli tarixə bir daha nəzər salınmışdır.

Tədbirlərdə qeyd olunmuşdur ki, bəşəriyyətin yeni tarixində ən qanlı səhifələrdən biri olan 1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə sovet ordusunun xüsusi təyinatlı dəstələri tərəfindən amansız divan tutulmuş, neçə-neçə günahsız insan vəhşicəsinə qətlə yetirilmişdir.

Vurğulanmışdır ki, faciənin ertəsi günü ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu qanlı hadisəyə qarşı kəskin etirazını bildirmişdir. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ulu öndər tərəfindən 20 Yanvar hadisələrinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması, bu faciənin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılmış, ona dövlət səviyyəsində hərtərəfli və obyektiv hüquqi-siyasi qiymət verilmişdir.

Çıxışlarda bu qəhrəmanlıq salnaməsinin hər bir azərbaycanlının qəlbində əbədi həkk olunacağı, şəhidlərimizin xatirəsinin ürəklərdə daim yaşayacağı bildirilmiş, 20 Yanvar faciəsini törədən cinayətkarların gec-tez layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunmuşdur.

Nazirlikdə Qanlı Yanvar faciəsi ilə bağlı sənədlərdən, arxiv və foto materiallardan ibarət xüsusi stend hazırlanmış, eyni zamanda, kinozalda 20 Yanvar hadisələrindən bəhs edən sənədli filmlər nümayiş etdirilmişdir.

Ədliyyə orqanlarında təşkil olunmuş anım tədbirləri çərçivəsində böyük bir qrup ədliyyə işçisi Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Fəryad" filminə baxmışlar.

Xəbər lenti

Xəbər lenti