...

Geologiya İnstitutu: Vulkanların aktivləşməsi yaxınlıqda zəif zəlzələnin baş vermə ehtimalından xəbər verir

Cəmiyyət Materials 21 Yanvar 2014 10:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İsabalayeva/

"Vulkanların aktivləşməsi bizə məlumat verir ki, yaxınlıqda, qonşu rayonda, haradasa zəif zəlzələ baş verə bilər". Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, eyni zamanda, güclü zəlzələ baş verəndə zəlzələ yatmış vulkanı oyadır, onun püskürməsinə səbəb olur.

A.Əliyev qeyd edib ki, adətən Azərbaycanda hər il 3-4 vulkan püskürməsi baş verir. Ancaq bəzi illərdə püskürmələrin sayı artır: "XX əsrdə belə hallar olub. İl ərzində 8, 9, 10, hətta 12 püskürmə qeydə alınıb. Əlbəttə, bunların əksəriyyəti zəlzələlərlə əlaqədardır. Bir faktı sizə deyim, 2000-ci ildə noyabrın 25-də Xəzərdə böyük maqnituda ilə baş verən zəlzələnin təsiri və həmin il dekabrın 6-da baş verən zəlzələ nəticəsində afterşokların qeydə alınması 2001-ci ilin martına kimi davam etmişdi. Bunun da təsiri olaraq, Azərbaycanda 2011-ci ildə rekord sayda - 16 palçıq vulkanı püskürmüşdü. Şamaxıda, Qobustanda, Abşeron yarımadasında, Xəzər dənizində ada vulkanları püskürmüşdülər".

A.Əliyev deyib ki, apardıqları tədqiqatların nəticələrinə əsasən, zəif zəlzələlərin sonuncu hazırlanma mərhələsində palçıq vulkanlarının aktivləşməsi baş verir.

Alimin sözlərinə görə, zəlzələlərin və palçıq vulkanlarının proqnozunu vermək çətindir: "Ancaq vulkanın aktivləşməsi bu barədə düşünmək üçün bir qədər imkan yaradır. Yəni, vulkan aktivləməsi baş veribsə, yəqin ki, müəyyən müddətdən sonra zəlzələ olacaq. Söhbət ancaq zəif zəlzələlərdən gedir".

A.Əliyev qeyd edib ki, bəzi vulkanlar orta hesabla 10-12 ildən bir püskürürlər. Bunu nəzərə alaraq vülkanın növbəti püskürməsinin nə zaman ola biləcəyini ehtimal etmək olar: "Ancaq yenə də bunu müəyyən etmək çətin məsələdir. Çünki bu ehtimal həmişə düz olmur, paradoksal hallar da baş verir. Məsələn, Ələt tərəfdə olan vulkan tez-tez püskürür, onun yanında olan vulkan isə 50 ilə yaxındır püskürmür. Ancaq "Şıxzərli" vulkanı tez-tez - 2-3 ildən bir püskürür. Belə müəyyən etmək olar ki, 2-3 ildən sonra o, yenə də püskürə bilər. Binəqədi rayonundakı "Keyrəki" vulkanı 2001-ci ildə püskürüb. Orada ikinci püskürmə 7-8 aydan sonra olub. Ardıcıllıqla götürsək, hər 10-12 ildən bir o vulkan gərək püskürsün. Ancaq artıq 12-13 il keçib, sakitlikdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti