...

Konstitusiya Məhkəməsinə ötən il 1893 ərizə və şikayət daxil olub

Cəmiyyət Materials 31 Yanvar 2014 12:44 (UTC +04:00)
Konstitusiya Məhkəməsi Aparatının 2013-cü il üzrə hesabat iclası keçirilib.
Konstitusiya Məhkəməsinə ötən il 1893 ərizə və şikayət daxil olub

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İzzət/

Konstitusiya Məhkəməsi Aparatının 2013-cü il üzrə hesabat iclası keçirilib.

Konstitusiya Məhkəməsi Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

İclasda Aparat rəhbərliyinin çıxışları, müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və şikayətlərdə toxunulan hüquqi aspektlər, qəbul edilən qərarların icrası, tərtib olunan arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilmiş, işin səmərəsini yüksəltməyə dair təkliflər irəli sürülüb.

Məlumat verilib ki, 2013-cü ildə Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Ali Məhkəmənin, insan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) sorğuları, məhkəmələrin müraciətləri və vətəndaşların şikayətləri əsasında qəbul olunub.

Bildirilib ki, 2013-cü ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə 1893 ərizə və şikayət daxil olub. Şikayətlərin 447-si Konstitusiya Məhkəməsi palatalarının müzakirəsinə verilib, daxil olan 538 şikayət Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə müvafiq tapşırıqlarla aidiyyəti üzrə dövlət orqanlarına göndərilib. Şikayətlərdən 760-ı üzrə vətəndaşlara izahedici məktublar çatdırılıb. Bununla yanaşı, məhkəmə aktlarından verilən şikayətlərlə bağlı 148 ərizəçiyə "Konstitusiya Məhkəməsi haqqında" Qanunun tələblərinə uyğun olaraq ərizələrin qanuna müvafiq şəkildə tərtib edilməsi barədə Konstitusiya Məhkəməsi Aparatı tərəfindən məlumatlar verilmiş və təkrar müraciət olunması hüququ izah edilib.

Fərhad Abdullayev 2013-cü ildə görülmüş işləri müsbət qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması üçün Aparatın struktur rəhbərlərinə tapşırıq və tövsiyələrini verib, 2014-cü ildə görüləcək işlərdən danışıb, hakimlərin icraatında olan işlərlə bağlı Azərbaycan Respublikası qanunvericiliyi ilə yanaşı, beynəlxalq hüquqa, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin praktikasına əsaslanan rəy və arayışların hazırlanmasının vacibliyini vurğulayıb.

Konstitusiya Məhkəməsinin sədri iclasa yekun vuraraq əmin olduğunu bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün cəmiyyətin inkişafını əhatə edən hüquqi islahatlar məhkəmə sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə töhfə verməkdədir. Bu da öz növbəsində vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli həyata keçirilməsi üçün şərait yaradır.

İclasın sonunda iş planlarına əsasən 2014-cü ildə Aparatın qarşısında duran vəzifələrlə bağlı bir sıra tapşırıqlar verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti