...

Mirzə Şəfi Vazehin 220 illik yubileyi ilə bağlı Gəncə şəhər fəallarının yığıncağı keçirildi (FOTO)

Cəmiyyət Materials 10 Fevral 2014 19:26 (UTC +04:00)
Gəncə daha bir mütəfəkkir şairin - Gəncədə doğulmuş, öz əsərləri ilə geniş şöhrət tapmış Mirzə Şəfi Vazehin 220 illik yubileyi ərəfəsindədir.
Mirzə Şəfi Vazehin 220 illik yubileyi ilə bağlı Gəncə şəhər fəallarının yığıncağı keçirildi (FOTO)

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Gəncə daha bir mütəfəkkir şairin - Gəncədə doğulmuş, öz əsərləri ilə geniş şöhrət tapmış Mirzə Şəfi Vazehin 220 illik yubileyi ərəfəsindədir. Dahi Nizaminin 870 illiyini, ilk Azərbaycan şahmatçı qadını, musiqiçisi və şairi kimi tanınan Məhsəti Gəncəvinin yaradıcılığının 900 illliyini yüksək səviyyədə qeyd edən gəncəlilər bu əlamətdar hadisəyə də böyük qürur, sevinc hissi ilə hazırlaşırlar.

Fevral ayının 10-da YAP Gəncə şəhər təşkilatının qərargahında şəhər fəallarının iştirakı ilə M.Ş.Vazehin 220 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Tədbiri giriş sözü ilə açan şəhərin icra başçısı Elmar Vəliyev elmə, mədəniyyətə, incəsənətə daim xüsusi qayğı göstərən, sənətə və sənətkarlara yüksək qiymət verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şairin yubileyi ilə bağlı sərəncam imzalamasından, bu sərəncamın bütün gəncəlilər tərəfindən dərin rəğbət hissi ilə qarşılanmasından və ölkə başçısının sərəncamı ilə bağlı qarşıda duran mühüm vəzifələrdən, şairin yubileyi ilə bağlı görüləcək işlərdən söhbət açıb.

Tədbirdə XIX əsr görkəmli Azərbaycan şairi, xalq arasında "Gəncəli müdrik" kimi tanınan M.Ş.Vazehin Gəncənin ədəbi mühitində, onun nəinki Azərbaycanda, hətta Almaniyada şeirləri ilə şan-şöhrət qazanması haqqında danışılıb. Adi bir xəttat, sonralar Azərbaycan dili müəllimi olan Mirzə Şəfi nə vaxtsa onun şeirlərinin dünyanın ən yaxşı tərcüməçiləri və Avropa şairləri tərəfindən bütün dillərə çevriləcəyini, sözlərinə çoxlu bəstələr yazılacağını təsəvvürünə belə gətirməzdi.

Şairin Xarici ölkələrin milli kitabxanalarında saxlanılan kitabları və tərcümə olunan şeirləri Gəncəyə gətirilib. Bu şeirlərin Azərbaycan dilinə tərcümə olunması, nəşr edilməsi nəzərdə tutulub. Həmçinin Gəncədə Nizami Gəncəvi, Məhsəti Gəncəvi muzeyləri sırasına Mirzə Şəfi Vazeh muzeyi də daxil olacaq.

Şairin yubileyi ilə bağlı təhsil, mədəniyyət, incəsənət, yaradıcı təşkilatlar, ümumilikdə bütün gəncəlilər qarşısında duran vəzifələr geniş müzakirə olunub, tədbir iştirakçılarının arzu və təklifləri dinlənilib. Yubiley tədbirləri çərçivəsində rəsm əsərlərindən ibarət sərgilər, müsabiqələr, ədəbi-bədii gecələr, bilik yarışları və digər tədbirlər keçiriləcək. Ali təhsil müəssisələrində əlaçı tələbələr üçün M.Ş.Vazeh adına təqaüd veriləcək.

Yığıncaqda M.Ş.Vazehin 220 illik yubileyinin keçirilməsi ilə bağlı elm, təhsil, mədəniyyət və incəsənət işçilərindən ibarət xüsusi komissiya yaradılıb və tədbirlər planı təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti