...

Mürsəl Həmidov: Ünvana çağırılan hər bir həkim tələb olunan vəziyyətdə kardioqram çəkməlidir

Cəmiyyət Materials 13 Fevral 2014 16:20 (UTC +04:00)
Təcili tibbi yardım məqsədilə ünvana çağırılan hər bir həkim tələb olunan vəziyyətdə kardioqram çəkməli və buna uyğun da xəstəyə lazımi yardım göstərməlidir.
Mürsəl Həmidov: Ünvana çağırılan hər bir həkim tələb olunan vəziyyətdə kardioqram çəkməlidir

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İsabalayeva/

Təcili tibbi yardım məqsədilə ünvana çağırılan hər bir həkim tələb olunan vəziyyətdə kardioqram çəkməli və buna uyğun da xəstəyə lazımi yardım göstərməlidir. Bunu Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Mürsəl Həmidov ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən xəstələrə görə ünvana təcili tibbi yardım həkimləri çağırılarkən bəzi həkimlərin xəstənin kardioqramını çıxara bilməməsinə münasibətini açıqlayarkən deyib.

Qeyd edək ki, belə həkimlər bunun səbəbini həkim briqadalarında ayrıca kardioloqların olmaması, bu səbəbdən də ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlara yardım göstərə bilməmələri ilə izah ediblər.

M.Həmidov bildirib ki, təcili yardım briqadalarında ayrıca kardioloq, terapevt, cərrah və s. sahə üzrə həkim qrupları olmur.

Dünyanın heç bir ölkəsində belə təcrübənin olmadığını deyən baş həkimin sözlərinə görə, təcili yardım həkimləri bütün xəstəliklər haqqında ümumi məlumatlandırılmış olmalıdırlar. Buna görə də təcili tibbi yardım briqadasının hər bir həkimi kardioqram çəkməyi, onu oxumağı və buna uyğun tibbi yardım göstərməyi bacarmalıdır: "Kardioloqlar, ginekoloqlar, nevropatoloqlar, pediatrlar, cərrahlar Tibb Universitetinin müalicə-profilaktika fakültəsində 5 il təhsil alırlar. Onlar təhsillərinin 6-cı ilində ixtisaslara bölünürlər. Onların hamısı 5 il ərzində eyni təhsili alırlar. Ona görə də bütün sahələri bilməlidirlər".

Baş həkim əlavə edib ki, həkimlər tərəfindən xəstələrin kardioqramlarının çəkilməsi üçün heç bir texniki problem yoxdur. Çünki stansiyanın hər bir təcili tibbi yardım maşınında elektrokardioqram aparatı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti