Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) kimya fənni üzrə test bankı toplusunu nəşr edib.
Trend TQDK-nın rəsmi saytına istinadən xəbər verir ki, test bankının həm açıq (istifadə olunmuş), həm də qapalı (istifadə olunmamış) hissəsinin nəşri davam edir. Artıq riyaziyyat, fizika və biologiya fənləri üzrə test topluları Azərbaycan və rus dillərində böyük tirajla çap edilərək şagird və abituriyentlərin istifadəsinə verilib. Bu silsilədən növbəti nəşr kimya fənni üzrə test bankı toplusudur.
Digər fənlər üzrə toplular kimi, kimya toplusuna da TQDK-nın test bankından 1994-2013-cü illərdə müxtəlif təyinatlı imtahanlarda - ali və orta ixtisas təhsili müəssisələrinə, hərbi məktəblərə, hərbi liseylərə qəbul və sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqları, habelə "Abituriyent" jurnalının ayrı-ayrı saylarında dərc edilmiş model testlər daxildir. Bundan əlavə, hər topludakı test tapşırıqlarının 20-25 faizi heç bir imtahanda istifadə olunmamış test tapşırıqlarıdır.
Hər bir toplu test bankında olan test tapşırıqlarının bütün modellərini əhatə edir. Bu tapşırıqlar aktiv bankın bir hissəsidir və onların gələcəkdə imtahanlara düşməsi istisna olunmur.
Toplular nəşrə hazırlanarkən test tapşırıqları dərslik, tədris və qəbul proqramlarındakı dəyişiklik və yeniliklər nəzərə alınmaqla bir daha ekspertizadan keçirilib, həm məzmun, həm də formaca təkmilləşdirilib.